
2025-ci il iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimi baş tutdu. Bu tədbir Azərbaycanın enerji diplomatiyası və strateji neft-qaz siyasətinin mühüm mərhələsini əhatə etməklə yanaşı, ölkənin beynəlxalq enerji bazarındakı rolunun bir daha təsdiq olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın enerji sahəsində keçdiyi inkişaf yoluna və bu sahədə həyata keçirilmiş mühüm layihələrə toxunaraq qeyd etdi ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil olunmuş və həmin tədbirdən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri ilə regionda böyük əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”ni imzalamışdır. Bu saziş təkcə Azərbaycanın iqtisadi gələcəyini formalaşdırmaqla kifayətlənməmiş, eyni zamanda regionda geosiyasi və geoiqtisadi vəziyyəti əsaslı şəkildə dəyişdirmişdir. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti təkcə xam neft və qaz hasilatı ilə məhdudlaşmayıb, bununla yanaşı, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı, regional əməkdaşlıq və alternativ enerji mənbələrinin tətbiqi istiqamətində də ciddi addımlar atılıb.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın artıq yaşıl enerji sahəsində də önəmli hədəflərə sahib olduğunu vurğuladı. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası elan edilib və artıq bu istiqamətdə beynəlxalq şirkətlərlə əməkdaşlıq başlayıb. Bu tədbirin mühüm tərəflərindən biri də enerji təhlükəsizliyi və dayanıqlı inkişaf məsələlərinin qlobal gündəmdə ön plana çıxarılmasıdır. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışaraq qeyd etdi ki, Cənub Qaz Dəhlizi kimi strateji layihələrin icrası Azərbaycanın beynəlxalq enerji xəritəsindəki mövqeyini gücləndirib. Artıq ölkəmiz təkcə enerji ixrac edən bir dövlət deyil, həm də enerji təchizatında sabitlik yaradan strateji tərəfdaşa çevrilmişdir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forum və sərgilər dünyanın müxtəlif ölkələrindən yüzlərlə nümayəndəni, o cümlədən enerji sektorunda fəaliyyət göstərən iri beynəlxalq şirkətlərin rəhbər şəxslərini bir araya gətirib. Bu tədbirlər çərçivəsində aparılan müzakirələr, imzalanan memorandumlar və əməkdaşlıq sazişləri, Azərbaycanın açıq və beynəlxalq əməkdaşlığa əsaslanan enerji strategiyasının bariz nümunəsidir. 30-cu Yubiley “Baku Energy Forum” Azərbaycanın enerji siyasətində davamlılığın, şəffaflığın və beynəlxalq tərəfdaşlığa sadiqliyin göstəricisidir. Prezident İlham Əliyevin forum çərçivəsində çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycanın neft və qaz sektorunda qazandığı uğurlar ölkənin iqtisadi müstəqilliyinin möhkəmlənməsinə, sosial rifahın yüksəldilməsinə və beynəlxalq nüfuzunun artmasına ciddi töhfə vermişdir.
Nəticə etibarilə, Bakı Enerji Həftəsi 2025-ci ildə də Azərbaycanın enerji diplomatiyasının zirvəsini nümayiş etdirərək ölkənin strateji baxışını və dayanıqlı inkişaf istiqamətində atdığı addımları dünya ictimaiyyətinə təqdim etdi. Bu tədbir həm də Azərbaycanın yaşıl enerji keçidinə olan sadiqliyini, regional və qlobal enerji əməkdaşlığında aparıcı mövqeyini bir daha təsdiqlədi.
İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi