
“2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatı və Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasındakı çıxışı iki qardaş dövlət arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqlədi. Bu görüş təkcə ikitərəfli əməkdaşlıq müstəvisində deyil, həm də regional və qlobal təhlükəsizlik baxımından mühüm strateji əhəmiyyət daşıyır”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər dərin tarixi köklərə, ortaq mədəniyyətə və mənəvi dəyərlərə əsaslanır. Qazaxıstanın Azərbaycanın ən çətin dövrlərində göstərdiyi prinsipial mövqe, beynəlxalq platformalarda ərazi bütövlüyümüzə verdiyi dəstək bu münasibətlərin sarsılmaz təməlini təşkil edib. Məhz bu qarşılıqlı etimad bu gün iki ölkə arasında əməkdaşlığı strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Azərbaycan və Qazaxıstanın əməkdaşlığı təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Qazaxıstanın azad olunmuş ərazilərin bərpasında iştirakı bu qardaşlığın real təcəssümüdür. Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu dostluğun bariz nümunəsidir. Prezident İlham Əliyev qeyd edib ki, bu mərkəz təkcə uşaqların inkişaf məkanı deyil, həm də xalqlarımız arasında qardaşlıq körpüsüdür.
“Azərbaycan–Qazaxıstan tərəfdaşlığı həm də Orta Dəhliz və Zəngəzur dəhlizi layihələri çərçivəsində regional nəqliyyat əlaqələrinin formalaşmasında mühüm rol oynayır. Prezident İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizi 2028-ci ilə qədər istifadəyə veriləcək və bu, Asiyadan Avropaya yüklərin daşınmasında strateji əhəmiyyət daşıyacaq. Bu layihələr, eyni zamanda, TRIPP və Xəzərin dibi ilə elektrik kabeli kimi təşəbbüslərlə birlikdə, Avrasiyada yeni enerji və logistika arxitekturasının əsasını qoyur”
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Astana çıxışı Azərbaycan–Qazaxıstan münasibətlərinin artıq ən yüksək strateji mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. İki ölkə arasındakı əlaqələr bu gün təkcə ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq, Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitlik, sülh və inkişafın dayanıqlı modelinə çevrilib. Bu münasibətlər xalqlarımızın ümumi tarixi, ortaq dəyərləri və gələcəyə yönəlik müştərək baxışının parlaq təzahürüdür.



