
Azərbaycan-Özbəkistan əlaqələrinin müasir vəziyyəti Prezident İlham Əliyevin genişmiqyaslı müsahibəsində öz əksini tapıb. Prezident İlham Əliyev bildirib ki, qədim tarixi və mənəvi köklərə əsaslanan bu birlik hazırda iki güclü və suveren dövlətin sarsılmaz müttəfiqliyinə çevrilmişdir. Dövlətlərarası siyasi dialoq barədə danışarkən, Prezident İlham Əliyev iki ölkə başçılarının rəsmi və dövlət səfərlərinin əhəmiyyətini önə çəkib. İmzalanmış bəyannamələr təkcə kağız üzərində deyil, reallıqda da təbii müttəfiqliyimizi qəti şəkildə rəsmiləşdirmişdir.İqtisadi sahədə qeydə alınan artım müsahibənin mühüm tezislərindəndir.
Prezident İlham Əliyev qeyd edir ki, 2025-ci ildə ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması, eləcə də 500 milyon dollarlıq birgə İnvestisiya Şirkətinin yaradılması böyük iqtisadi potensialdan xəbər verir. Strateji logistika və enerji keçidi mövzusunda çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, müasir qlobal çağırışlara ortaq cavablar tapılır. Xüsusilə Orta Dəhlizin inkişafı region ölkələrinin dünya bazarlarına daha təhlükəsiz çıxışını təmin edir. Xalqlarımız arasındakı qardaşlaşmış şəhərlər ənənəsi (Şuşa-Xivə, Bakı-Daşkənd) ortaq irsimizin bariz qorunmasıdır. Prezident İlham Əliyev müsahibəni ümumiləşdirərək bildirir ki, həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əsasda qorunan bu sarsılmaz vəhdət Avrasiyada əsas sabitlik mənbəyidir.
Zeynəb Hacıyeva,
YAP Nizami rayon təşkilatının fəalı



