Azərbaycan öz suverenliyini bərpa etdi
Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin imzalanması prosesinə sadiqdir. Ölkəmiz, həmçinin Qarabağ regionundakı etnik ermənilərin Azərbaycan vətəndaşları kimi reinteqrasiyası, ölkə Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində bütün hüquq və azadlıqlarının təmin olunması üzrə səylər göstərir. Azərbaycanın sözügedən səylərinə baxmayaraq, Ermənistan bütün vasitələrdən istifadə edərək, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub saxlamaq cəhdlərini davam etdirib.
Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları və terror hücumları nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olub və yaralanıblar. Bunlara cavab olaraq, Azərbaycan tərəfi antiterror tədbirlərinə başlayıb. Bu tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah etmək, ərazilərimizdən çıxarılmaları, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədinə xidmət edirdi. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. 24 saata yaxın davam edən antiterror tədbirləri ilə erməni tərəfi ağ bayraq qaldıraraq Azərbaycanın bütün şərtlərini yerinə yetirəcəyini bəyan etdi. Bu, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin növbəti parlaq qələbəsi idi.
19 sentyabrda Azərbaycanın start verdiyi antiterror tədbirləri isə demək olar ki, bütün dünya mediasının manşet xəbərinə çevrildi. Azərbaycanın yanında olan Türkiyə mətbuatı bu barədə yüzlərlə məqalə dərc edərək Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Bu dəfə İran mediası da obyektivlik nümayiş etdirərək Azərbaycanın mövqeyindən çıxış elədi. artıq bütün dünya Azərbaycanın haqlı olduğunu qəbul edib. Bu, Azərbaycan diplomatiyasının, xarici siyasət kursunun sərrastlığı və peşəkarlığı sayəsində mümkün olub.
Bu, bütün ölkəmizin, dünyadakı milyonlarla azərbaycanlının qələbəsidir və bu qələbənin müəllifi Prezident İlham Əliyevdir. Məhz onun səyləri, strategiyası və uzun illər səmərəli siyasəti nəticəsində işğal olunmuş torpaqların azad edilməsinə imkan yaradan zəmin hazırlandı. Sabit və inkişaf edən iqtisadiyyat quruldu, sabitlik təmin edildi, müasir və hərtərəfli təchiz olunmuş ordu formalaşdı – uğurlu dövlətin bütün bu komponentləri ölkəmizin uğurlarını şərtləndirdi. Antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir.
Mətanət Cəfərova
YAP-ın fəalı.