20 noyabr 2020-ci il Ağdamın işğaldan azad olunduğu şanlı gün! Bu tarix xalqımız üçün qürur günüdür. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında birləşərək torpaqlarımızı düşmənlərdən azad etdi. Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən isə dağlıqdır. Aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskənlərindən biri olmuşdur.
1993-cü il 23 iyul tarixində Ağdamın ərazisinin 73 faizi işğal olunmuşdu. Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən artıq insan şəhid olmuş, onlardan 16-sı Milli Qəhrəmandır,minlərlə insan yaralanmışdır, əhali öz dogma yurdundan didərgin düşmüşdür. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı Şanlı ordumuzun əldə etdiyi üstünlük Ermənistanı kapitulyasiya aktı imzalamasına məcbur etdi. 10 noyabr 2020-ci ildə imzalanan bəyanatın 2-ci bəndinə əsasən Ağdam şəhəri və Ağdam rayonunun işğalda olan ərzazisi 20 noyabrda Azərbaycana qaytarıldı. Preziden İlham əliyevin imzaladığı sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günüdür.
Ermənistan işğal etdiyi müddətdə Ağdam şəhəri və Ağdam rayonunun yaşayış məntəqələrini talayıb, tarixi, mədəni, dini abidələri, qəbirstanlıqları yer üzündən silmişdir. 2001-ci ildə işğal altında olan ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal Ağdamı 1945-ci atom bombası atılması nəticəsində dağılmış Yaponiyanın Xirosima şəhərinə bənzədib. Bundan sonra Ağdamı “Qafqazın Xirosiması” adlandırmışdır.
Prezidentimiz İlham Əliyev Ağdam azad olunduqdan sonra bu günə qədər 5 dəfə rayona səfər etmişdir. Rayon azad edildikdən 3 gün sonra ilk səfəri zamanı ölkə başçısı Ağdam şəhərində Dövlət Bayrağını ucaltmış və Ağdam cümə məscidini ziyarət etmişdir.
Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır,yeni infrastruktur qurulur, şəhər dirçəldilir. 2021-ci il 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə bərpa olunaraq əvvəlki şöhrəti özünə qaytarılır. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin-ağdamlıların yolunu gözləyir.
Şəbnəm Rəhimova,
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin Kimya müəllimi