AnalitikaGündəmSiyasət

“Azərbaycan-Laos münasibətlərinin inkişaf perspektivləri və strateji əməkdaşlığın genişləndirilməsi”

2026-cı il oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata bəyanatla çıxış etmişdir. Bəyanatda Azərbaycan-Laos münasibətlərinin mövcud vəziyyəti, siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri, investisiya imkanları, təhsil, nəqliyyat-logistika, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin inkişafı məsələləri əsas yer tutmuşdur. Dövlət başçısı iki ölkə arasında diplomatik münasibətlərin otuz ildən artıq müddətdə qarşılıqlı hörmət, dostluq və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik prinsipləri əsasında inkişaf etdiyini vurğulamışdır. Siyasi əlaqələrin müsbət dinamikasının iqtisadi münasibətlərdə də öz əksini tapmasının vacibliyi qeyd edilmiş, mövcud ticarət dövriyyəsinin tərəflərin potensialına uyğun olmadığı diqqətə çatdırılmışdır. Bu baxımdan, iqtisadi əlaqələrin intensivləşdirilməsi, qarşılıqlı ticarətin artırılması və konkret investisiya layihələrinin reallaşdırılması əməkdaşlığın prioritet istiqamətləri kimi müəyyən edilmişdir. Bəyanatda Azərbaycan-Laos biznes forumunun ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm platforma rolunu oynayacağı bildirilmişdir. Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələrin təqdim olunmasının investisiya əməkdaşlığının genişləndirilməsinə imkan yaradacağı vurğulanmışdır.

Eyni zamanda, energetika, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının mövcudluğu qeyd edilmişdir. Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi də bəyanatın mühüm istiqamətlərindən biri olmuşdur. Sovet dövründə iki mindən çox Laos vətəndaşının Azərbaycanda təhsil aldığı xatırladılmış, bu ənənənin bərpası məqsədilə təqaüd mexanizminin tətbiqi məsələsi diqqətə çatdırılmışdır.

Bu təşəbbüsün gələcək nəsillər arasında əlaqələrin möhkəmləndirilməsinə, elmi və mədəni mübadilənin inkişafına töhfə verəcəyi qeyd edilmişdir. Dövlət başçısı mina təhlükəsi ilə mübarizə sahəsində təcrübə mübadiləsinin əhəmiyyətinə də toxunmuşdur. Hər iki ölkənin mina probleminin ağır nəticələri ilə üzləşdiyi nəzərə alınaraq, müvafiq sahədə qabaqcıl texnologiyaların tətbiqi, mütəxəssis hazırlığı və təlimlərin təşkili istiqamətində əməkdaşlığın perspektivləri vurğulanmışdır. Nəqliyyat və logistika məsələləri kontekstində Azərbaycanın regional tranzit imkanları, həyata keçirilmiş infrastruktur layihələri və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti diqqətə çatdırılmışdır.

Laosda dəmir yolu əlaqələrinin inkişafı ilə bağlı layihələrin gələcəkdə iki ölkə arasında yükdaşımaların genişləndirilməsi və Asiya ilə Avropa arasında nəqliyyat bağlantılarının gücləndirilməsi üçün yeni imkanlar yarada biləcəyi qeyd edilmişdir. Bəyanatın siyasi-diplomatik əhəmiyyəti Azərbaycan və Laos arasında münasibətlərin mövcud əməkdaşlıq çərçivəsindən daha geniş sahələrə doğru inkişaf etdirilməsi niyyəti ilə səciyyələnir. Səfər çərçivəsində qəbul edilmiş Birgə Bəyanat və imzalanmış sənədlər ikitərəfli münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsinə xidmət edən mühüm addımlar kimi qiymətləndirilə bilər.
Beləliklə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan-Laos münasibətlərinin inkişafında siyasi dialoqun iqtisadi, təhsil, nəqliyyat, enerji və humanitar əməkdaşlıqla tamamlanmasının vacibliyini ortaya qoymuşdur. Qarşılıqlı maraqlara əsaslanan konkret layihələrin həyata keçirilməsi, institusional əlaqələrin gücləndirilməsi və əldə olunmuş razılaşmaların praktiki nəticələrə çevrilməsi iki ölkə arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Rəsul Babayev
YAP Yasamal rayon təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button