AnalitikaGündəm

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir

Qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan dünyanın ən böyük tədbiri sayılan COP-un 29-cu iclası Azərbaycanın tarixindəki ən böyük beynəlxalq tədbirdir.

COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olur.

Hesab olunur ki, atmosferə atılan karbon qazı emissiyaları qlobal istiləşməyə, iqlim dəyişikliklərinə gətirib çıxarır və buna görə də bunları dayandırmaq üçün beynəlxalq əməkdaşlığa ehtiyac var.

Ona görə də dünya ölkələri və maraqlı tərəflər birləşib planetin iqlimini sənaye inqilabı olmamışdan əvvəlki dövrdəkinə qaytarmaq üçün birgə işlər görməlidirlər, bu, işlər də COP tədbirlərində müzakirə olunur, razılaşdırılır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) kiçik ada dövlətlərinə dəstəyi hədəfləməsi təqdirəlayiqdir.

Bu fikir Millətlər Birliyinin (Commonwealth) Londondakı qərargahında Birlik ölkələrinin gənc diplomatları üçün keçirilən təlim çərçivəsində “İqlim dəyişikliyi və diplomatiya” mövzusunda təşkil edilən paneldə səsləndirilib.

Paneldə çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov COP29-a hazırlıq prosesi, ölkəmizin tədbir kontekstində əsas məqsəd və hədəfləri, eləcə də COP29-un fəaliyyət gündəliyini formalaşdıran təşəbbüslərdən bəhs edib. Səfir ölkəmizin COP29 çərçivəsində əsas hədəflərindən biri kimi kiçik ada dövlətləri və ümumilikdə inkişaf etməkdə olan ölkələrə dəstək məqsədilə indiyədək atdığı addımlar, o cümlədən İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu barədə iştirakçılara geniş məlumat verib.

Tədbirdə çıxış edənlər – Antiqua və Barbudanın Britaniyadakı ali komissarı Karen Mae Hill, Ruandanın Britaniyadakı ali komissarı Johnston Busingye, Asiya İnkişaf Bankının nümayəndəsi Xiaohong Yang və Millətlər Birliyinin müvafiq nümayəndələri Azərbaycanın COP29-un ev sahibi kimi kiçik ada dövlətlərinə xüsusi dəstək göstərməsini, bununla bağlı əməli addımlar atmasını təqdirəlayiq hesab etdiklərini vurğulayıblar. Onlar iqlim dəyişikliyi barədə ictimai məlumatlılığın artırılması, bu günədək razılaşdırılmış beynəlxalq hədəflərin reallaşdırılması, eləcə də iqlim fəaliyyəti sahəsində indiyədək qazanılmış uğurların və müsbət hekayələrin təşviq edilməsinin əhəmiyyətinə diqqət çəkiblər.

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.

Prezident İlham Əliyevin çıxışında :”Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik.

Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı.

Sammitdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiyini, iqlim dəyişmələrinin, artan qiymətlərin, COVID-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğunu, onların hökumətlərinin çətin vəziyyətdə olduqlarını vurğulayaraq deyib: “Siz – kiçik ada dövlətləri nümayiş etdirirsiniz ki, iqlim ambisiyaları özünü necə büruzə verir. Siz cavab tədbirlərini görən ilk tərəfsiniz. Dünya sizi dəstəkləməli, ilk növbədə, temperatur artımının 1,5 dərəcədə saxlanılması üçün yorulmadan çalışmalıdır. Bu, o deməkdir ki, 2030-cu ilə qədər qlobal atılmalar illik əsasla 9 faiz azalacaq. Həmçinin ənənəvi yanacaqdan istifadə sürətlə və ədalətli şəkildə azalacaq, COP28-in nəticəsi təmin ediləcək. Bu, həmçinin o deməkdir ki, hər ölkə 1,5 dərəcəyə uyğun olması üçün COP30-a qədər yeni, iqtisadiyyatı əhatə edən milli iqlim fəaliyyəti planlarını və ya Milli səviyyədə müəyyən edilmiş töhfələr sənədini təqdim edəcək”.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.

Günel Kərəmova,
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin tarix müəllimi 

Oxşar Xəbərlər

Back to top button