AnalitikaGündəmSiyasət

Azərbaycan-Kamboca münasibətlərində fəal əməkdaşlıq

Müasir beynəlxalq münasibətlər sistemində müxtəlif regionları təmsil edən dövlətlər arasında əlaqələrin genişləndirilməsi qarşılıqlı maraqların uzlaşdırılması və yeni tərəfdaşlıq imkanlarının yaradılması baxımından xüsusi önəm kəsb edir. Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində aparılan müzakirələr tərəflərin mövcud əlaqələri genişləndirmək, qarşılıqlı maraq doğuran sahələrdə konkret nəticələr əldə etmək niyyətini ortaya qoyur. Azərbaycan–Kamboca münasibətlərinin inkişafı üçün siyasi iradə ilə yanaşı, iqtisadi və institusional əməkdaşlığın gücləndirilməsi də vacibdir. Azərbaycanın müxtəlif regionların dövlətləri ilə siyasi dialoqu genişləndirməsi və iqtisadi tərəfdaşlıq imkanlarını şaxələndirməsi bu siyasətin mühüm nəticələrindəndir. Xüsusilə Asiya ölkələri ilə münasibətlərin inkişafı prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu baxımdan, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi və diplomatik hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, investisiya imkanlarının reallaşdırılması, humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi məsələlərinə xüsusi diqqət yetirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan ənənəvi tərəfdaşlarla münasibətlərini möhkəmləndirməklə yanaşı, yeni coğrafiyalarda da əməkdaşlıq imkanlarını ardıcıl şəkildə genişləndirir. Cənub-Şərqi Asiyanın mühüm dövlətlərindən biri olan Kamboca ilə əlaqələrin inkişafı bu siyasətin məntiqi davamıdır. Nəticə etibarilə, Azərbaycan-Kamboca münasibətlərinin gələcək inkişafı siyasi əlaqələrin konkret iqtisadi və humanitar təşəbbüslərlə möhkəmləndirilməsindən asılıdır. Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri çərçivəsində müzakirə olunan məsələlər və əldə olunan razılaşmalar iki ölkənin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığını genişləndirmək üçün yeni imkanlar yaradır. Bu imkanların reallaşdırılması üçün dövlət qurumları, sahibkarlar, təhsil müəssisələri və digər tərəfdaşlar arasında əlaqələrin davamlı xarakter alması vacibdir. İkitərəfli təmasların intensivləşdirilməsi, birgə layihələrin hazırlanması və mövcud razılaşmaların ardıcıl icrası Azərbaycan ilə Kamboca arasında əməkdaşlığın daha səmərəli və davamlı inkişafına şərait yaradacaqdır.

Tural Cəfərov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button