
Siyasi arenada reallıq dəyişib. Müasir dövrün çağırışları ənənəvi siyasi gedişlərin işə yaramadığını bir daha göstərdi. Cənab Prezident İlham Əliyevin “Euronews” kanalına verdiyi müsahibə də əslində yeni dünya düzənində özünə yer axtaran ölkələrə və Qərbə bir mesaj idi. Xarici media resursları dövlət başçısının fikirlərində bir məqamı xüsusilə əsas səhifələrin manşetinə çevirdi. “Milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir.”
Cənab Prezident İlham Əliyevin mesajı nəinki, Rusiya-Ukrayna müharibəsinin tərəflərinə həm də Şərqdə illərdir münaqişə ilə üzləşən ölkələrə idi. Son yüz ildə taleyini öz gücünə həll edən bir ölkə kimi Azərbaycan adını tarixə yazdırdı. Qarabağ problemi beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Elə dövlət başçısının vurğuladığı kimi təcrübəmiz uğurlu oldu və onun uğurlu olması sübuta yetirildi.
Qlobal dəyişikliklər yenicə başlayıb. Azərbaycanın geosiyası mövqeyi isə diktə edən tərəf olmağı labud edir. Faktiki olaraq son illər gücünü və mahiyyətini itirən beynəlxalq təşiklatların illərlə icra edilməyən qətnamələrini Azərbaycan öz gücünə etdi. Bir zamanlar ölkəmizə qarşı sanksiya və təhdid dili ilə danışan bəzi liderlər XII Qlobal Bakı Forumunda ölkəmiz haqqında ağızdolusu danışdılar. Panel müzakirələrində çıxış edən xarici nümayəndələriin Prezident İlham Əliyevin fikirlərinə istinad etməsi isə onu göstərdi ki, Azərbaycan münaqişənin deyil, sülhün tərəfdarıdır. Çünki, müzakirəyə çıxarılan məsələlər qlobal xarakter daşıyır və beynəlxalq ictimaiyyətin gündəmindədir.
Əslində isə son 5 ildə yaşananlar heç də asan əldə edilməyib. Uzun illər icra edilən düzgün siyasi kurs, iqtisadi inkişaf, ordu quruculuğu, bütün sahələrdə islahatlar və ən əsası xalqın inandığı liderin qətiyyəti hesabına dünya Azərbaycanın səsini də eşitdi, gücünü də gördü. Bu gün Xocalı, Şuşa, Xankəndi və bütöv Azərbaycanda bayram tonqalları yandırılır. Cənab Prezident İlham Əliyevin bu günləri bizə yaşadacağına Azərbaycan xalqında zərrə sual sual yox idi. O, hər zaman dediyini edib. İndi isə dünyanın bu reallığı qəbul etməsinin vaxtıdır.
Tükəzban Əliyeva,
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi