
Azərbaycan ilə Türkmənistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri son illərdə daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoq ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə əlverişli şərait yaradıb. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə keçirilən görüşlər bu münasibətlərin davamlı inkişaf etdiyini bir daha nümayiş etdirdi.
Bu gün Azərbaycan və Türkmənistan yalnız ortaq tarixə və mədəniyyətə malik qardaş dövlətlər deyil, eyni zamanda regional proseslərdə bir-birini dəstəkləyən etibarlı tərəfdaşlardır. Dövlətlər arasında formalaşmış səmimi münasibətlər qarşılıqlı hörmət, etimad və milli maraqlara əsaslanır. Məhz bu amillər əməkdaşlığın davamlı xarakter almasını təmin edir.
Prezident İlham Əliyev çıxışında Qarabağın bərpasına göstərilən dəstəyə görə Türkmənistan rəhbərliyinə təşəkkürünü ifadə etdi. Füzuli şəhərində məscidin tikintisi təşəbbüsü iki xalq arasında mənəvi bağlılığın və qardaşlığın ən gözəl nümunələrindən biridir. Bu addım təkcə humanitar dəstək deyil, həm də Azərbaycanın ərazi bütövlüyünə verilən siyasi dəstəyin ifadəsidir.
İki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da yeni mərhələyə qədəm qoyur. Xəzər hövzəsində yerləşən hər iki dövlət beynəlxalq yükdaşımaların inkişafında mühüm rol oynayır. Bu istiqamətdə həyata keçirilən layihələr regional iqtisadi inteqrasiyanı gücləndirməklə yanaşı, Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərinin səmərəliliyini artırır.
Enerji sahəsində əməkdaşlıq da strateji tərəfdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycanın və Türkmənistanın zəngin enerji ehtiyatları hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verir. Bu potensialın birgə layihələr vasitəsilə daha səmərəli istifadəsi regionun enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.
Mədəni-humanitar əlaqələr münasibətlərin ayrılmaz hissəsidir. Qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, şəhərlər arasında qardaşlaşma münasibətlərinin qurulması və müxtəlif humanitar layihələr xalqlarımız arasında dostluq körpüsünü daha da möhkəmləndirir. Bu əlaqələr gələcək nəsillərin də ortaq dəyərlər ətrafında birləşməsinə xidmət edir.
Bütün bunlar göstərir ki, Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq təsadüfi deyil, uzun illər ərzində formalaşmış etimadın və siyasi iradənin nəticəsidir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində bu münasibətlər bundan sonra da yeni uğurlarla zənginləşəcək, hər iki ölkənin rifahına və regionun sabitliyinə mühüm töhfələr verəcəkdir.
Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı



