
İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi – “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış etdi. Bu mötəbər tədbir Azərbaycanın enerji diplomatiyasının, beynəlxalq əməkdaşlıq siyasətinin və gələcəyə yönəlmiş yaşıl inkişaf strategiyasının bir növ güzgüsünə çevrildi. Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın enerji sektorunda qazandığı uğurları və qarşıda duran əsas hədəfləri vurğuladı. O bildirdi ki, son 30 ildə Azərbaycanın təşəbbüsü və liderliyi ilə Xəzər dənizindən Avropaya qədər uzanan bir enerji körpüsü qurulub. Neft və qaz sahəsində gerçəkləşdirilən nəhəng layihələr – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, Cənub Qaz Dəhlizi – Azərbaycanın regionda və qlobal enerji xəritəsində strateji əhəmiyyətini artırıb. Prezident qeyd etdi ki, bu uğurlar yalnız təbii ehtiyatların çoxluğu ilə deyil, düşünülmüş və uzaqgörən siyasət nəticəsində mümkün olub. Azərbaycanın neftdən qazanan gəlirləri dövlətin inkişafına yönəltdiyi, bu resursları səmərəli idarə etdiyi vurğulandı. İlham Əliyev çıxışında Azərbaycanın yaşıl enerji sahəsində atdığı mühüm addımlara da toxundu. Xüsusilə, Zəngilan və Cəbrayıl rayonlarında Günəş və Külək enerjisi stansiyalarının tikintisi, Xızı və Abşeron yarımadasında reallaşdırılan layihələr, beynəlxalq tərəfdaşlarla bağlanan investisiya müqavilələri Azərbaycanın bu sahədə sürətli dönüş etdiyini göstərir. Prezident Azərbaycanın “yaşıl enerji” üzrə regional mərkəzə çevrilmək niyyətində olduğunu və bu istiqamətdə Avropa İttifaqı ilə sıx əməkdaşlıq qurduğunu da qeyd etdi. Bu çərçivədə “yaşıl kabellə” Azərbaycan enerji ixracatında yeni bir səhifə açır – Xəzərdən Qara dənizə, oradan isə Avropaya uzanacaq yaşıl enerji dəhlizi yaradılır.
Tədbirdə 37 ölkədən 300-dən artıq şirkətin iştirak etməsi, o cümlədən beynəlxalq enerji şirkətləri və aparıcı texnologiya tədarükçülərinin burada təmsil olunması, Azərbaycanın enerji sahəsində nüfuzunun göstəricisidir. Prezident qeyd etdi ki, Bakı Enerji Həftəsi təkcə sərgi və forum deyil, həm də siyasi, iqtisadi və texnoloji dialoq üçün vacib platformadır. Prezident İlham Əliyevin çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan enerji siyasətində həm regional, həm də qlobal səviyyədə sabitlik və inkişaf üçün etibarlı tərəfdaş olaraq qalır. Ənənəvi enerji mənbələri ilə yanaşı, yaşıl enerji sahəsində atılan addımlar ölkənin gələcək inkişafında əsas rol oynayacaq. Bakı Enerji Həftəsi isə bu hədəflərin gerçəkləşməsi yolunda mühüm bir mərhələdir.
Bu çıxış Azərbaycan dövlətinin gələcəyə inamla baxdığını, modern və davamlı enerji siyasəti ilə dünyanın dəyişən çağırışlarına çevik cavab verməyə hazır olduğunu nümayiş etdirdi.
Günel Əbdürəhmanova
Yeni Azərbaycan Partiyası, məsləhətçi