
“Məlum olduğu kimi, Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfə Bakıda toplaşıb. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər. Azərbaycan tərəfindən başlanan və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərin əlaqələndirilməsində mühüm rol oynayıb. Ötən dövr ərzində prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşirlər”.
Bunu “ƏsasXəbər”ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır: “Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxışı zamanı qeyd etdiyi kimi bu gün qaz Azərbaycanın təchizatı coğrafiyası genişlənməkdədir. Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu iclasından sonra əlavə 5 ölkə Azərbaycandan təbii qaz almağa başladı. Beləliklə də, bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir, o cümlədən 8-i isə Avropa İttifaqının üzvüdür. Real vəziyyətin təhlili onu göstərir ki, Azərbaycanın Avropada qaz təchizatı coğrafiyası birmənalı olaraq genişlənəcək. Çünki bu gün Azərbaycan bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında belə iştirak edir. Bu mənada Azərbaycanın qaz təchizatı coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək”.
“3500 kilometrlik inteqrasiya edilmiş Cənub Qaz Dəhlizi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün artıq Cənub Qaz Dəhlizi böyük uğur hekayətidir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP tam gücü ilə işləyir: “Qeyd edək ki, Azərbaycanın Avropaya qaz təchizatı 2021-ci ildə təxminən 8 milyard kubmetr idi. Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra Avropaya qaz təchizatı təxminən 60 faiz artdı. Bununla da 2024-cü ildə artıq təchizat təxminən 13 milyard kubmetr oldu. Bu rəqəm isə Azərbaycanın ümumi ixracatının yarısı, təxminən 25 milyard kubmetrdir. Bu mənada Azərbaycanın yeni yataqlarını və mövcud qaz ehtiyatlarını nəzərə alsaq, Avropa ölkələrinə daha çox qaz nəql edilə biləcək. Hətta, Azərbaycana daha çox təbii qaza qənaət etmək imkanı verən yaşıl enerji gündəliyini də məsələyə əlavə etsək, o zaman ölkəmizin enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq”.