Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsinin 44 günü də şanlı tarix idi. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini, hətta, ermənilərin yenilməzlik mifini də darmadağın etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.
8 Noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir.
Qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirmişdir.
Azərbaycanın qələbəsi ilə başa çatmış Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin 2907 nəfər hərbi qulluqçusu şəhid olmuşdur. Onlardan 408 nəfəri zabit, 279 nəfəri gizir, 263 nəfər çavuş, 1962 nəfəri isə əsgər idi.Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunurlar. Dövlət öz əsgərin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur.
Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırdı. Qəhrəman,igid,vətənpərvər qəhrəmanlarımız-Azərbaycan oğullarının mərdliyi, cəsarəti,şücaəti sayəsində Qarabağ işğaldan azad olundu. 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Qələbə Paradı təşkil olundu. Fəxri qonaq qismində dəvət olunmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da paradda iştirak etmişdir. Parada Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev komandanlıq etmişdir. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı da parada gətirilmişdir. Müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Azadlıq Meydanında keçirilən hərbi paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir.
Həsənova Səbinə,
YAP-ın fəalı