AnalitikaGündəmSiyasət

Azərbaycan-Çin münasibətlərinin inkişafı, regional əməkdaşlıq və nəqliyyat layihələri sahəsində ölkəmizin strateji rolunu bir daha nümayiş etdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 aprel 2025-ci ildə Çinin Sinxua (Xinhua) agentliyinə verdiyi müsahibəsində Azərbaycan-Çin münasibətləri, nəqliyyat və infrastruktur layihələri, eləcə də “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq perspektivləri barədə ətraflı fikirlərini bölüşüb. Prezident İlham Əliyev Azərbaycanın coğrafi mövqeyindən səmərəli istifadə edərək ölkənin infrastruktur və nəqliyyat sektoruna böyük sərmayələr yatırdığını vurğulayıb. O, Azərbaycanın tarixi İpək Yolu üzərində yerləşdiyini və müasir infrastrukturun yaradılmasının əsas hədəflərdən biri olduğunu bildirib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçdiyini qeyd edən Prezident, Azərbaycanın hər iki layihədə fəal iştirak etdiyini və bu istiqamətdə bir sıra təşəbbüslər irəli sürdüyünü bildirib. Müsahibədə Prezident Əliyev “Bir kəmər, bir yol” təşəbbüsünün ölkələr və regionlar arasında iqtisadi əməkdaşlığın inkişafına, sabitlik və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verə biləcəyini vurğulayıb. O, bu layihənin mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin, iqtisadi inkişafın gücləndirilməsi, ölkələrin çiçəklənməsi və xalqlararası təmasların təşviqi kimi nəcib ideyalara xidmət etdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdığını və bu münasibətlərin qarşılıqlı etimad və inam əsasında qurulduğunu qeyd edib. O, iki ölkə arasında dostluq və əməkdaşlığın daha da gücləndirilməsi və dərinləşdirilməsi istiqamətində birgə səylərin uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyevin Sinxua agentliyinə verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərinin inkişafı, regional əməkdaşlıq və nəqliyyat layihələri sahəsində ölkəmizin strateji rolunu bir daha nümayiş etdirir. Bu müsahibə, həmçinin, Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirakını və qlobal əməkdaşlığa verdiyi önəmi əks etdirir.

Murad Zeynalov,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button