Azərbaycan beynəlxalq platformalara ev sahibliyi edir
Azərbaycan dünyada beynəlxalq platformaların həyata keçirildiyi bir məkana çevrilib. Bunun reallaşmasını şərtləndirən əsas səbəblərdən biri ölkəmizdə mövcud olan siyasi sabitliklə bağlıdır. Həmçinin beynəlxalq platformaların ölkəmizdə keçirilməsi, dövlətimizin dünyada getdikcə daha da artan nüfuzundan xəbər verir. Azərbaycanın paytaxtı Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi öz işinə başlayıb. 2-6 oktyabr 2023-cü il tarixlərində Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 7 fevral 2022-ci il tarixli Sərəncam imzalamışdır. Bu nüfuzlu tədbirə Bakı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə – 1973-cü ildə ev sahibliyi edib. 50 ildən sonra konqres yenidən Azərbaycanda keçirilir. Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Hər il Federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür. Milli Kosmik Siyasət ölkələrin kosmik sənayesi və 2030-cu ilə qədər olan illər üçün fəaliyyətləri, o cümlədən kosmosla bağlı hökumətin görəcəyi işlər, kommersiya fəaliyyəti, dövlət və özəl sektorlar, akademik institutlar və tədqiqat və inkişaf mərkəzləri tərəfindən həyata keçirilən elmi fəaliyyətlər üçün ümumi çərçivəni müəyyən edir. Kosmik şirkətlər kosmik iqtisadiyyatda əhəmiyyətli imkanlar təqdim edir, elm və texnologiya ilə bağlı mövzuların həyata keçirilməsində elmə əvəzsiz töhfə verir. Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib. Dövlət başçısı İlham Əliyev ölkənin xarici siyasətinə toxunaraq qeyd edib ki, Avropa institutları ilə əməkdaşlığımız uğurla inkişaf edir. Avropa İttifaqının bir neçə üzvü ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu onu nümayiş etdirir ki, bizim xarici siyasətimiz açıqdır, əməkdaşlığa yönəlib və daha geniş regional inkişafa xidmət edir. Azərbaycan dünyanın enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan əməkdaşlıq etdiyi ölkələr üçün etibarlı tərəfdaşdır. Beynəlxalq Konqresin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev azad edilmiş ərazilərimizə dair vacib məlumatları açıqlayaraq hazırda Böyük Qayıdış proqramının ölkəmizin qarşısında duran ən vacib məsələ olduğunu diqqətə çatdırıb. Ölkə başçısı həmçinin qeyd edib ki, bundan sonra Azərbaycan siyasəti sülh və əməkdaşlığa yönəlib. İşğaldan azad edilmiş ərazilərimizə həyatın geri qaytarılması, dayanıqlı inkişaf, şəhər və digər yaşayış məskənlərinin yenidən qurulması sahəsində həyata keçirilən fəaliyyət, eləcə də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə 74-cü Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi