Azərbaycan-Belarus münasibətləri ən yüksək inkişaf dönəmindədir
Son illər Azərbaycanın dünya ölkələri qarşısında mövqeyinin artması bu gün ölkəmizin xarici dövlətlərlə münasibətinə yüksək təsir edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində xüsusi rolu olan ölkələrdən biri də Belarusdur. İki ölkə arasında hələ 20-ci əsrin sonlarından başlanan diplomatik tərəfdaşlıq bu gün strateji ortalıq əhəmiyyəti kəsb edir. Prezident İlham Əliyevin cari ilin 16 may tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda da bu məsələyə toxunub. Ölkə başçısı öz çıxışında Azərbaycanla Belarus arasında yüksək səviyyəli dostluq münasibətlərinin olduğunu, aparılan danışıqlar və təkbətək görüşlərin iki ölkə üçün önəmli olduğunu qeyd edib.
Qeyd etmək lazımdır ki, bu gün iki ölkə arasında ticarət və iqtisadi fəaliyyət mövcuddur. Elə məhz bu səbəbdən görüş zamanı müzakirə edilən məsələlər daha çox bu istiqamətdə yönəlib. Qarşılıqlı iqtisadi-ticarət əlaqələrin artırılması hər iki ölkə üçün xüsusi əhəmiyyət ləsb edir. İki ölkə arasındakı münasibətlərdə əsası təşkil edən sənaye kooperasiyalarının yaradılması və birgə istehsal potensialının artırılmasıdır. Həmçinin hərbi-sənaye komplekslərinin, kənd təsərrüfatının inkişafı, nəqliyyatda əlaqələrin artırılması məsələləri əməkdaşlıq üçün praktiki əhəmiyyət daşıyan mövzulardır. Bundan əlavə, qeyd etmək lazımdır ki, işğal dövründə dağıdılmış ərazilərimizdə quruculuq işlərinin həyata keçirilməsi məqsədilə də addımlar atılması proqnozlaşdırılıb. Belarusun zəngin şəhərsalma təcrübəsinin, aqroşəhərciklərin tikintisi təcrübəsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiqi çox yüksək fayda verə bilər. Belarus şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur ərazisində bölgənin bərpası işlərində iştirak üçün fəaliyyətə dəvət edilməsi gələcəkdəki münasibətlərin yeni mərhələsinin başlanğıcı hesab edilə bilər.
Bu gün Cənubi Qafqazın ən böyük ölkəsi Azərbaycandır. Buna görə də, Belarus tərəfi Azərbaycanla münasibətlərin daha yüksək spektora gəlib çatmasından maraqlıdır. Çıxışında bu məsələ ilə bağlı fikir bildirən Lukaşenko qeyd edib ki, Azərbaycan Qafqaz regionunu nəzarətdə saxlamaq qabiliyyətinə malikdir, Azərbaycan bütün Qafqazdakı vəziyyətə cavabdehdir və sabitliyin yaranmasındakı ən böyük sahibi elə məhz Azərbaycandır. Quruculuq işlərinin aparılması, sülh quruculuğu ilə təcrübələr digər qeyri-sabitlik ocaqlarına nümunə əhəmiyyəti daşıyır.
Cari ilin 16 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə imzalanmış Azərbaycan-Belarus sənədlərinə nəzər salsaq bir daha görərik ki, bu sənədlər iki ölkə arasındakı münasibətlərdə yeni inkişaf dönəminin xəbərçisidir.
Hüseynov Əli,
YAP-ın fəalı