
Avropa İttifaqının enerji təhlükəsizliyində yeni çağırışlar daha etibarlı tərəfdaşların əldə edilməsini zərurətə çevirib. Əsas diqqət enerji müstəqilliyinə nail olmaqdır. Rusiya-Ukrayna müharibəsi qlobal miqyasda enerji təhlükəsizliyində böhran yaradıb və “Qoca qitə”də enerji problemini dərinləşdirib. Buna təkcə Ukrayna ilə müharibə aparan Rusiya yox, Qərb ölkələri tərəfindən bu ölkəyə tətbiq edilən sanksiyalar da səbəb olub. Avropada qaz qıtlığının səbəbini Rusiyadan gələn kəmərlərdə yaradılan əngəllər, məhdudiyyətlərdir. Məlumdur ki, Avropanın əksər ölkələri enerji baxımından xüsusilə Rusiyadan asılıdırlar. Müharibə və sanksiyaların yaratdığı maneələr Azərbaycanın strateji əhəmiyyətini daha da artıb. Azərbaycanın etibarlı tərəfdaş olması bu məsələdə münasibətlərin daha böyük uğurlar əldə etməsinə imkan yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib: “Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”. Bu gün Avropaya Azərbaycan və Əlcəzairdən borular vasitəsilə qaz idxalı artıb. Lakin bu, hələlik yetərli deyil, amma daxili infrastrukturu genişləndirmək üçün növbəti addımlar atmalıdır. Rusiya qazından asılılığımızı aradan qaldırmağı hədəfləyən Avropa Azərbaycanla enerji keçidi məsələsində də yaxından əməkdaşlıq etmək niyyətindədir. Bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın qazına tələbatı artırıb. Aİ ölkələrinə – Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz ixracı ilə yanaşı, Azərbaycan Gürcüstana və Türkiyəyə də mavi yanacaq tədarük edir. 2023-cü ildə Azərbaycan Avropa bazarında 11,8 milyard kub metr qaz satıb. 2024-cü ildə bu həcmin 12 milyard kubmetr olacağı gözlənilir. 2027-ci ildə isə Cənub Qaz Dəhlizi iki etap genişlənidirildikdən sonra həcmlərin 20 milyard kubmetrədək artacağı proqnozlaşdırılır. Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi – Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir – Gürcüstan və Serbiya, eləcə də Türkiyədir. Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq.
Bu gün Avropanın 4 ölkəsində – Macarıstan, Slovakiya, Çexiya, Avstriyada ciddi enerji problemi gözlənilir. Təsadüfi deyil ki, bu dövlətlərin başçıları Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə edirlər. Azərbaycan neft və təbii qaz ilə zəngin ölkə olduğu üçün Qərb dövlətlərinin bazarlarına çıxmaq niyyətindədir. Bu baxımdan 2023-cü ildə Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya, həmin ilin dekabrında Serbiyaya rəsmi səfərləri, cari ilin yanvarında Davos İqtisadi Forumunda Xorvatiyanın Baş naziri ilə görüşü qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük əsaslar yaradıb.
Nəbi Hacıyev,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi