Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəqliyyat sektorunun inkişafına həsr olunmuş müşavirə keçirdi. Müşavirədə dövlət başçısı nəqliyyat sahəsində əldə olunan nailiyyətləri vurğuladı və qarşıda duran vəzifələri müəyyənləşdirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın coğrafi mövqeyi və yaradılmış müasir infrastruktur ölkəmizi Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsi bu mövqeyi daha da gücləndirir. Dövlət başçısı daşımaların kəskin artdığını nəzərə alaraq, bu dəhlizlərin imkanlarının artırılması üçün əlavə investisiyaların yatırıldığını bildirdi.
Müşavirədə nəqliyyat sektorunda koordinasiyanın gücləndirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə ASKON qurumunun yaradılması məsələsinə də toxunuldu. Prezident İlham Əliyev qeyd etdi ki, idarəetmədə müsbət dəyişikliklərə baxmayaraq, nəqliyyat qurumları arasındakı koordinasiya zəif idi və ASKON-un yaradılması bu sahədə vahid platformanın formalaşdırılmasına xidmət edəcək.
Dövlət başçısı həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasının inşasına başlanılmasının vacibliyini vurğuladı. O, limanın genişləndirilməsi və yeni gəmilərin inşası ilə bağlı hökumətə tapşırıqlar verdiyini qeyd etdi. Prezident İlham Əliyev əlavə etdi ki, nəqliyyat qurumlarının – gəmiçilik, liman və dəmir yolunun bir mexanizm kimi işləməsi təmin edilməlidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən bu müşavirə Azərbaycanın nəqliyyat sektorunun inkişafına və ölkəmizin beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyinin daha da gücləndirilməsinə yönəlmiş mühüm addımlardan biridir.
Sevinc Əliyeva,
YAP-ın gənc fəalı