Azərbaycan Mərkəzi Asiyada uğurlu addımlar atır
Son bir il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri diqqət doğuran hadisədir. Sovetlər Birliyinin süqutundan sonra Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə yaxın əlaqələr qurub. Son illər ərzində bu əlaqələrin daha da inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün yox, həm də bütün Türk dünyası üçün önəmlidir.
Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəsində xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bütün dünya nüfuzunu artırıb, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır. Dövlət başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasına, “Avropa siyasi birliyi” Zirvə Toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə böyüyən rolunun əyani göstəricisidir.
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlər 1992-ci ilin mayın 29-da qurulub. Bu günə qədər Azərbaycan Respublikası hökuməti ilə Tacikistan hökuməti arasında 35 sənəd imzalanmışdır. Tarixi faktlar da təsdiqləyir ki, o vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Həm Tacikistan Prezidenti, həm də ulu öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular.
Hazırda Tacikistan və Azərbaycan sabit dövlətlərdir. Bu gün bütün sahələr üzrə qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Hazırda Tacikistandan olan 50-yə yaxın kursant Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Tacik tələbələrin sayının daha da artırılmasına şərait yaradılmasına dair qərar qəbul olunub. Azərbaycanlı tələbələr də böyük sevinc və istəklə Tacikistanda təhsil ala bilərlər. Dövlət başçımızın qeyd etdiyi kimi bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır. Ona görə ki, Tacikistan bizə yaxın və sabitlik hökm sürən ölkədir. Azərbaycan-Tacikistan münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq şəklində də inkişaf etməkdədir və biz inanırıq ki, bu dostluq münasibətində də belə artan templə davam edəcək.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı