Analitika

Antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdur.

Sentybarın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bayan etmişdir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü il, səhər saatlarında bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.Anti- terror əməliyyatlarının nəticəsi olaraq isə Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin 20-dək hərbi təyinatlı avtomobili, 40-dan çox artilleriya qurğusu, 30-da çox 120 mm və 82 mm minaatan, 2 zenit-raket qurusu, 6-dan çox “Martira” radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib. Həmçinin, ərazilərdə qeyri-qanuni erməni silahlı dəstələrin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması barədə razılıq əldə edilmişdir. Dünən təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir.

Bu qələbədən sonra 20 sentyabr saat 20:30 da Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etmişdir.

Müraciətdə Ali Baş Komandan İlham Əliyev  lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını  və qarşıda duran bütün vəzifələrin cəmi bir gün ərzində yerinə yetirildiyini bildirib. Əlavə olaraq Prezident qeyd edib ki: “ Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır.

Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.

Zaur Əliyev,
Bakı Texniki Kollecin hərbi müəllimi

Oxşar Xəbərlər

Back to top button