Ana dilinin inkişafında süni maneələr

Ana dili bir millətin mənəvi sərvəti, milli kimliyinin əsası və mədəniyyətinin daşıyıcısıdır. Hər bir xalqın öz ana dilinə sahib çıxması, onu qoruması və inkişaf etdirməsi milli varlığın qorunması üçün əsas şərtlərdən biridir. Lakin tarix boyu bir çox xalqlar, o cümlədən azərbaycanlılar da öz ana dillərinin inkişafında süni maneələrlə qarşılaşıblar. Bu maneələr həm siyasi, həm ideoloji, həm də sosial səbəblərdən qaynaqlanıb.Süni maneələrin ən başlıcası dil siyasəti ilə bağlıdır. Müstəmləkə və ya işğal şəraitində yaşayan xalqların ana dilləri ya qadağan olunub, ya da sıxışdırılıb. Sovet İttifaqı dövründə Azərbaycan dili uzun müddət ikinci plana keçirildi. Rus dili “böyük qardaş” dili kimi təqdim olunaraq rəsmi idarəetmədə, təhsildə və elm sahəsində üstün mövqe tutdu. Bu isə cəmiyyətin müxtəlif təbəqələrində ana dilinə qarşı laqeydlik yaratdı və gənc nəslin rus dilində təhsil almağa üstünlük verməsinə səbəb oldu.Bundan başqa, təhsil siyasəti də ana dilinə mənfi təsir göstərən amillərdən biridir. Təhsil sistemində ana dilində dərsliklərin çatışmazlığı, keyfiyyətsiz tərcümələr və terminoloji uyğunsuzluqlar ana dilinin elmi və texniki sahələrdə zəifləməsinə səbəb olur. Bir çox hallarda şagirdlərə və tələbələrə ana dilində deyil, xarici dildə (xüsusən ingilis və rus dillərində) təhsil verilməsi dilin inkişafını əngəlləyir.Qloballaşma prosesi də müasir dövrdə ana dilləri üçün təhlükə yaradan ciddi faktorlardan biridir. Qloballaşmanın təsiri ilə gənclər arasında əcnəbi dillərə maraq artır və bu, ana dilinə olan marağın azalmasına gətirib çıxarır. Sosial mediada və internetdə yerli məzmunun azlığı, xarici dillərdə kontentin üstünlük təşkil etməsi gənc nəslin ana dilindən uzaqlaşmasına səbəb olur. Xüsusilə sosial şəbəkələrdə və mesajlaşma tətbiqlərində qarışıq dillərdə – “azəri-ingilis” və ya “azəri-rus” üslubunda yazışmalar dilin təhrif olunmasına və normal ünsiyyət formalarının pozulmasına yol açır.Media və reklam sahəsində də süni maneələr müşahidə olunur. Bir çox televiziya və radio kanallarında, həmçinin küçə reklamlarında Azərbaycan dilinin orfoqrafik və qrammatik normaları pozulur. Xarici sözlərin yerli qarşılığı olduğu halda, onlardan istifadə edilməməsi dilin saflaşdırılması prosesinə zərər verir. Bu, tədricən insanların şüurunda yanlış dil modelinin formalaşmasına səbəb olur.Süni maneələrin bir başqa mühüm tərəfi də cəmiyyətin öz içindən gəlir. Ana dilində səlis danışmaq, yazmaq və düşünmək bacarığı bir çox ailələrdə və təhsil müəssisələrində yetərincə təşviq olunmur. Valideynlərin və müəllimlərin bu məsələyə yetərincə diqqət ayırmaması nəticəsində yeni nəsil zəif dil bilikləri ilə böyüyür.Bütün bu süni maneələrin aradan qaldırılması üçün dövlət və ictimaiyyət birgə hərəkət etməlidir. Ana dilinin qorunması və inkişafı məqsədilə dil siyasəti yenidən təhlil olunmalı, təhsil sistemi ana dili əsasında qurulmalı, media və internet məzmunu dil normalarına uyğun şəkildə hazırlanmalıdır. Bundan əlavə, ailələrdə uşaqlara ana dilində danışma və oxuma vərdişləri aşılanmalı, gənclər arasında ana dilinə marağı artıracaq mədəni və elmi layihələr dəstəklənməlidir.Unutmayaq ki, ana dilini qorumaq yalnız bir vəzifə deyil – bu, milli kimliyimizi yaşatmaq, mədəniyyətimizi gələcək nəsillərə ötürmək və müstəqil düşüncənin əsasını qoymaq deməkdir. Ana dilinin inkişafına mane olan süni sədləri aşmaq hər birimizin borcudur.
Günel Nəsibova
Yeni Azərbaycan Partiyası,məsləhətçi