AnalitikaGündəmSiyasət

Ağdamın işğaldan qurtuluşu unudulmuş xatirələri yenidən həyata qaytardı

Ağdamın işğaldan azad edildiyi 20 noyabr — təkcə bir rayonun geri qayıtması deyildi; illərlə qəlbimizin ən dərinində gizlənən bir ümidin açılıb çiçəklənməsi idi. Bu gün hər bir ağdamlı üçün sadəcə siyasi və ya hərbi qələbə deyil, həm də ruhun qurtuluşu, həsrətin yumşalması, xatirələrin tozdan təmizlənərək yenidən dirçəlməsi deməkdir. Çünki Ağdam bir rayon adı olmaqdan çox, bir kimlikdir. Bütün dünyada harda yaşamağımızdan asılı olmayaraq, “mən ağdamlıyam” deyərkən içimizdə yaranan o xüsusi duyğunun adıdır.

İllər boyunca Ağdam xəritələrdə görünürdü, amma reallığımızda yox idi. Bir çox ağdamlı uşaqlığını yalnız hekayələrdən tanıyırdı, bəziləri yuxularında görürdü, bəziləri isə hər dəfə “bir gün qayıdacağıq” sözünü özünə bir and kimi təkrarlayırdı. O illər ərzində şahidsiz qalan evlər, səssiz qalan küçələr, dağıdılmış yurdlar sanki sahibsiz görünürdü, amma həqiqətdə sahibinin yolunu gözləyirdi.

20 noyabr həmin yol gözləyən torpaqların nəhayət sahiblərinə qovuşduğu gündür.

Biz-Ağdamlılar üçün bu tarix həm kədər, həm sevinc, həm də qürurun bir araya gəldiyi nadir bir andır. Çünki bu torpaqlar uğrunda canını verən igidlərimizi xatırlayırıq, ordumuzun gücünü, xalqımızın birliyini xatırlayırıq. Eyni zamanda dağılan hər bir evin, yandırılan hər bir ocağın, tapdanan hər bir xatirənin necə bir ağrı ilə bərabər azadlığa qovuşduğunu hiss edirik.

Bu torpağın azadlığı bizə çox şeyi qaytardı:qürurumuzu, kimliyimizi, köklərimizi, və ən əsası, “geri dönüş” hissini.

Ağdam azad olunduqdan sonra rayonun dirçəlişi Prezident İlham Əliyevin diqqətində olan əsas məsələlərdən biri oldu. Onun Ağdama hər səfəri bu torpağın taleyinə xüsusi önəm verildiyini göstərdi. Prezident dağıntıların içində dayanaraq “burada yeni Ağdam qurulacaq” deməsi ilə həm ağdamlılara, həm də bütün ölkəyə ümid verdi.

Bu gün Ağdamda genişmiqyaslı tikinti işləri aparılır: yeni yollar, yaşayış məhəllələri, məktəblər, parklar, iş yerləri yaradılır. Ağdamın Baş Planı müasir, ağıllı və yaşayış üçün tam şəraitli şəhərin qurulmasını nəzərdə tutur.

Prezidentin rəhbərliyi ilə başlanan bu bərpa prosesi ağdamlılara ən böyük təsəlli və gücdür. Çünki illərlə dağıdılan Ağdam bu gün yenidən ayağa qalxır və əvvəlkindən daha güclü şəkildə geri dönür.

Bu gün Ağdam yenidən dirçəlir. Hər bir tikinti, hər yeni yol, hər yeni məktəb təkcə bərpa deyil — bir işarədir. “Ağdam yaşayır və yaşayacaq” mesajıdır. Bəlkə də hələ hamımız gedib görə bilməmişik, bəlkə də yolumuz düşməyib. Amma artıq bilirik ki, orada həyat var, nəfəs var, sabah var. Bu da illərlə içimizdə sıxılan həsrətin ən böyük təsəllisi olur.

Ağdamlılar üçün 20 noyabr — yarımçıq qalmış tariximizin yenidən yazıldığı gündür. Bizim üçün sovuşmayan küləyin istiqamətini dəyişdirdiyi, xatirələrin yalnız ağrı yox, ümid gətirdiyi gündür. Hər bir ağdamlının ürəyindəki “bir gün qayıdaram” arzusu artıq reallığa çevrilib. Bu torpağa dönmək artıq xəyaldan çıxıb həyatın özünə çevrilib.

Ağdamlı olmaq həm keçmişin izlərini daşımaq, həm də gələcəyin qurucusu olmaq deməkdir. Bu torpaq bizi həm sınayıb, həm də gücləndirib. Və 20 noyabr həmin gücün ən böyük sübutudur. Bu gün o torpaqlar azaddırsa, demək ki, ağdamlıların ruhu da azaddır.

Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button