Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1150 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan mеmarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. mеmarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq еdir. Tariximizin sirdaşı, еv ünvanı olan bu abidələr Ağdamın kеçmişinin qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq vеrir.
Rayonun ərazisində 50-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Noyabrın 20-si Ağdam şəhərinin erməni işğalından qurtuluşunun dördüncü ildönümüdür. 2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Birdə bəyanata əsasən, noyabrın 20-dək erməni silahlı qüvvələri Ağdam rayonunun işğal altındakı ərazisini tərk etməyə məcbur oldu. Noyabrın 20-də müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciət etdi. Azərbaycan Ordusu itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğaldan azad edilən ərazilərinə daxil oldu.
27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycan bayrağı dalğalanmağa başladı. İşğaldan öncə Qarabağın ən müasir, sosial-iqtisadi aktivliyi ilə seçilən şəhəri 27 illik işğal dövründə xarabazara çevrilmişdi. Azərbaycan dövləti Ağdamı şəhərsalma mədəniyyətinin ən yeni nailiyyətləri əsasında qurmağa başlayıb və bu istiqamətdə işlər sürətlə davam etdirilir. 2022-ci il oktyabrın 5-də ölkəmizdə BMT-nin Məskunlaşma Proqramın (UN-HABITAT) da iştirakı ilə ilk Milli Şəhərsalma Forumun Ağdamda keçirildi. 2022-ci ildə Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin də yenidən quruması layihələrinə başlanıldı. “Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır…” – deyə dövlət başçısı vurğulamışdı. Qeyd edək ki, Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 20 noyabr Ağdam Şəhəri Günü elan olunub.
Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı