ABŞ-ın dövlətimizə qarşı siyasi oyunları davam edir
Dövlətimiz illərlə bizlərin uğurlarını həzm edə bilməyən, ikiüzlü siyasət yeridən bır sıra beynəlxalq təşkilatlarla, “dost” kimi görünən dövlətlərlə mübarizə aparmağa məcbur olub. Heç şübhəsiz bu qəbildən olan ABŞ pərdə arxasında qurduğu geosiyasi oyunlarla, ölkəmizdə siyasi müxalifətin maliyyələşdirilməsi, onlara təlimatların verilməsi, “rəngli inqilab” təşkil etməsi, hakimiyyət çevrilişinə cəhd göstərməsi, vətəndaş cəmiyyətində narazılıq yaradılması istiqamətində apardığı işlərlə öz mənfur niyyətini reallaşdırmağa çalışıb. Bu niyyətin ən başlıcası Azərbaycanda ABŞ-ın maraqlarına itaət edən, onların diktəsini sorğu-sualsız yerinə yetirən hakimiyyət formalaşdırılması və bu hakimiyyətin əli ilə Azərbaycan ərazilərinin işğalının legitimləşdirilməsi olub. ABŞ-ın ölkədəki müxalifətlə birgə “beşinci kolon” yaratmağa çalışması dövlətimizin daxili siyasətinə müdaxilə etmək üçün ikili siyasət yeritdiyinin sübutudur.
Dövlətimizin müstəqil siyasət yeritməsi, ABŞ-dan gələn, milli maraqlarımıza zidd “tövsiyyələri” yerinə yetirməməsi onların bu cür oyunlara əl atmasına səbəb olmuşdur. Lakin bütün cəhdlər, çoxsaylı planlar baş tutmadı. Çünki Azərbaycanda xalqın maraqlarını təmin edən güclü hakimiyyət, milli maraqlarımızın keşiyində dayanan güclü Lider və bu iqtidara arxalanan böyük XALQIMIZ var! Şübhəsiz ki, bu xalq-dövlət-iqtidar birliyi bütün təhlükələrin qarşısında dayanan qalxan funksiyasında olmuş, qazanılan uğurlarımızın, o cümlədən 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi Zəfərin təməli olmuşdur.
Digər maraqlı məqam da odur ki, özünü bütün dünyaya “sülhün dayağı”, “demokratiya” carçısı, “haqq-ədalət” tərəfdarı kimi göstərən ABŞ bu gün Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına, sülhün bərqərar olmasına öz dəstəyini göstərmək əvəzinə, burada münaqişə ocağının daha da güclənməsinə zəmin yaradır. Eyni zamanda, tarixi Qələbədən sonra regionda yaranmış yeni reallıqla barışmayan, dövlətimizdə iqtidar-xalq birliyinin daha da güclənməsindən qıcıqlanan “rejisor” ABŞ bu birliyə zərbə vurmaq üçün yeni ssenarilər yazır. Bu dəfəki aktyorlar isə ələbaxan, cəmiyyətdə nüfuzu olmayan “müxalifətçilər” deyil, milli dəyərlərimizə böyük təhlükə olan LGBT, əxlaqsızlığı təbliğ edən “feministlər”, Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardır. Bu “aktyorların” məvacibi də qatı ermənipərəst, antitürk, anti-azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xəttindən gəlməsi də heç kimə sirr deyil. Və bu ssenariləri reallaşdırmaq üçün əsas hədəf gənclərimiz seçilib. Lakin gənclərimizin Vətən və Dövlət sevgisi, milli-mənəvi dəyərlərə bağlılığı bizi tam əmin edir ki, gənclərimiz bu cür qurulmuş siyasi planlara alət olmayacaq, xalqımızın dəyərlərinə yad hərəkətlər sərgiləyən “aktyorları” dəstəkləməyəcəkdir. Cənab Prezidentimizin də vurğuladığı kimi, milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir, müasir və müstəqil Azərbaycan dövləti də milli dəyərlər üzərində qurulub. Bu səbəbdən ABŞ-ın növbəti oyunları da baş tutmayacaq, bütün planları suya düşəcəkdir.
Rəşadət Xalıqov,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini