AnalitikaGündəmOrdu

8 Noyabr Zəfər Günü

Azərbaycan tarixinin bütün dövrləri üçün ən fəxarətli gündür. Ölkə Prezidenti Cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunur.

Dəmir Yumruq adlanan əks-hücum əməliyyatı ilə başlayan və 44 gün boyunca davam edən II Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımız düşmən əsarətindən azad edildi. Müzəffər Ali Baş Komandanımızın göstərişi ilə xalqımız səfərbər olub, zəfərə doğru addımlayıb, düşmənə zəhər uddurdu. Qəhrəman əsgər və zabitlərimizin sayəsində Azərbaycanın hərbi sahədə əldə etdiyi qələbələr, xüsusilə Şuşanın düşməndən azad edilməsi müharibənin taleyində çox vacib rol oynadı. Bu qələbəni bu gün böyük iftixar hissiylə yaşamağımız Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi sayəsində mümkün olmuşdu.

Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi və tarixi qələbəmizi təsdiq edən bəyanata imza atıldı. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, həlak olan günahsız insanlarımızın qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi.

Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza və ən başlıcası Ali Baş Komandan İlham Əliyevə borcluyuq. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillər üçün fəxarətli örnəkdir.

Heç şübhəsiz ki, gələcək nəsillərimiz də qəhrəman şəhidlərimizi unutmayacaq, tariximizin ən parlaq səhifəsi olan Zəfər Günümüzü fərəhlə, sevinclə qeyd edərək yaşadacaqlar.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button