AnalitikaGündəmSiyasət

8 Noyabr – Şuşanın azadlığı, Azərbaycanın tarixi Zəfəri və milli qürurunun təntənəsi

8 Noyabr Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış, milli iradənin, birliyin, əzmkarlığın və tarixi ədalətin təntənəsini təcəssüm etdirən əlamətdar bir gündür. Bu tarix yalnız hərbi qələbənin deyil, həm də xalqımızın uzun illər qəlbində yaşatdığı Vətən həsrətinin sona çatmasının, milli qürurun və dövlətçilik əzminin təntənəsidir. 2020-ci il noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı hesab edilən Şuşa şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin taleyini müəyyənləşdirən mühüm tarixi hadisələrdən biri olmuşdur. Şuşa Azərbaycan tarixində sadəcə coğrafi məkan deyil, milli kimliyimizin, mədəniyyətimizin, ədəbiyyatımızın və musiqimizin ayrılmaz parçasıdır. 1752-ci ildə Pənahəli xan tərəfindən əsası qoyulan şəhər əsrlər boyu Azərbaycan mədəniyyətinin inkişafında müstəsna rol oynamışdır. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski kimi görkəmli şəxsiyyətlər bu şəhərin zəngin mənəvi irsinin formalaşmasına və Azərbaycan mədəniyyətinin dünyada tanınmasına böyük töhfələr vermişlər. Şuşa həm də muğam sənətinin, poeziyanın və incəsənətin beşiyi kimi xalqımızın yaddaşında xüsusi yer tutur.

1992-ci il mayın 8-də Şuşanın işğal edilməsi Azərbaycan xalqı üçün ağır tarixi faciə olmuş, şəhərin tarixi-mədəni irsinə ciddi ziyan dəymişdir. Uzun illər ərzində Şuşaya qayıdış arzusu xalqımızın milli düşüncəsində və mənəvi dünyasında yaşamaqda davam etmişdir. Lakin bu arzu heç zaman öz əhəmiyyətini itirməmiş, gələcək Zəfərə inamın əsas mənəvi dayaqlarından birinə çevrilmişdir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni mərhələnin əsasını qoydu. Azərbaycan Ordusunun yüksək peşəkarlığı, hərbi strategiyası, əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad olunması istiqamətində mühüm nailiyyətlər əldə edildi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə xüsusi əhəmiyyət daşıyırdı. Şəhərin mürəkkəb relyefi və strateji mövqeyi nəzərə alınaraq həyata keçirilən əməliyyat Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Şuşanın azad olunması yalnız ərazi bütövlüyünün bərpasına doğru atılmış mühüm addım deyil, həm də Azərbaycan xalqının tarixi yaddaşının, mədəni irsinin və milli kimliyinin bərpası idi. Bu qələbə sübut etdi ki, xalqın öz tarixinə, torpağına və milli dəyərlərinə bağlılığı heç bir zaman sarsıla bilməz. Zəfərdən sonra Şuşanın bərpası və dirçəldilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilməyə başlandı. Tarixi və dini abidələrin, məscidlərin, mədəniyyət obyektlərinin bərpası, infrastrukturun yenidən qurulması, şəhərin turizm potensialının inkişaf etdirilməsi Şuşanın əvvəlki şöhrətinin qaytarılmasına xidmət edir. 2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, 2023-cü ildə isə şəhərin Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi onun beynəlxalq mədəni əhəmiyyətini bir daha təsdiqlədi.

Şuşanın dirçəlişi həm də işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişafın, ekoloji tarazlığın qorunmasının və müasir şəhərsalma prinsiplərinin tətbiqinin nümunəsidir. Tarixi irsin mühafizəsi ilə müasir infrastrukturun uzlaşdırılması gələcək nəsillərə sağlam, təhlükəsiz və yaşıl mühitin ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yalnız keçmişinə deyil, gələcəyinə də işıq salan tarixi gündür. Bu tarix bizə birliyin, milli həmrəyliyin, dövlətə sədaqətin və Vətən sevgisinin nə qədər böyük gücə malik olduğunu xatırladır. Şuşanın azadlığı bir şəhərin deyil, bütöv bir xalqın mənəvi qələbəsidir.

Bu gün Şuşa yenidən qurulur, mədəni həyat canlanır, tarixi yaddaş bərpa olunur. Qarabağın tacı olan bu şəhər Azərbaycanın gücünün, müstəqilliyinin və əbədi varlığının rəmzi kimi gələcək nəsillərə ötürülür. Şuşa artıq yalnız keçmişin xatirəsi deyil, Zəfərlə yazılan yeni Azərbaycanın inkişaf və tərəqqi simvoludur.

Aycan Nazarova,
YAP Yasamal Rayon Təşkilatının fəal gənci

Oxşar Xəbərlər

Back to top button