AnalitikaGündəmSiyasət

31 Mart Tariximizin Unudulmaz Faciəsidir

31 Mart – Azərbaycan tarixinin ən faciəli və unudulmaz günlərindən biridir. 1918-ci ilin mart ayında Bakıda və Azərbaycanın müxtəlif bölgələrində erməni daşnakları bolşeviklərlə birləşərək on minlərlə azərbaycanlını yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirdi. Bu hadisələr XX əsrin ən ağır soyqırımlarından biri kimi qiymətləndirilir.

Martın son günlərində Bakıda başlayan qırğınlar qısa müddətdə Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrə yayıldı. Erməni silahlı birləşmələri dinc əhaliyə divan tutaraq kəndləri yandırdı, qocaları, qadınları və uşaqları qəddarcasına öldürdü. Təkcə Şamaxıda 7 mindən çox insan, o cümlədən yüzlərlə qadın və uşaq vəhşicəsinə qətlə yetirildi. Qubada aşkarlanan kütləvi məzarlıqlar isə soyqırımın miqyasını və dəhşətini bir daha sübut edir.

Bu qətliamların əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, bölgədə erməni dövlətinin əsasını qoymaq idi. Lakin xalqımız bu ağır sınaqlara sinə gərdi, azadlıq və müstəqillik uğrunda mübarizəsini davam etdirdi.

Uzun illər bu hadisələr unudulmağa və gizlədilməyə çalışılsa da, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu tarix hər il ölkəmizdə anılır, soyqırım qurbanlarının xatirəsi yad edilir və beynəlxalq ictimaiyyətə bu faciənin həqiqətləri çatdırılır.

Bu gün biz təkcə qurbanları anmaqla kifayətlənmirik, həm də tarixdən dərs alaraq, ölkəmizin təhlükəsizliyi və bütövlüyü uğrunda mübarizəmizi davam etdiririk. Azərbaycan xalqı tarix boyunca olduğu kimi, bir daha belə faciələrin təkrarlanmaması üçün hər zaman ayıq-sayıq olmalıdır.

Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button