
Dünyanın hər yerinə səpələnmiş ermənilərin tarixən ən çox məskunlaşdıqları ərazi türk dövlətləri, ən çox qaynayıb qarışdığı xalqlardan birincisi türk xalqı olmuşdur. Lakin qəbir və ocaq qonşuları olan, öz kökü üstündə dayanıb dünyaya əzəmətlə boylanan türklərlə ermənilər arasında erməni nankorluğu və yersiz iddiası nəticəsində dönə-dönə törədilən silahlı toqquşmalar, qanlı vuruşmalar, amansız qırğınlar, irəliləyişə, inkişafa mane olan münaqişələr, qarşıdurmalar milli ədavətə gətirib çıxarmış, türk xalqının tarixində qanlı iz qoymuşdur.
XX yüzillik Azərbaycan xalqının həyatında ən dəhşətli işgəncələr, qırğınlar, qaçqınlıq, soyqırım, mənəvi genosid dövrü olmuşdur. “Ac xəyallarında “Böyük Ermənistan” mifini yaradan, ancaq gerçəkləşdirməyə gücü yetməyən, böyüklük yükünün altına girmiş bu kiçik xalq özünü içindən çıxılmaz bir hala salmışdır. Kölə xülyasından törəmiş böyüklük, qədimlik iddialarını elmi təməllərə dayandırmaq, uydurduqları böyük yalanları maskalamaq və qədim dövr tarixini öz xeyirlərinə dəyişdirmək üçün Yaxın Şərq xalqlarının maddi və mənəvi mirasını acgözlüklə mənimsəyiblər”. 1905-ci ildə erməni millətçilərinin törətdikləri, sivilizasiya tarixində misli görünməmiş vəhşiliklər təkrar 1918-1920-ci, 1988-ci illərdə qisasçılıq məqsədilə törədilmişdir.
Tarixin saxtalaşdırılmasına yönəlmiş proqram xarakterli tədbirlərin reallığını qanlı aksiyalarla həyata keçirən ermənilərin XX əsrin ilk onilliklərində törətdikləri cinayətlər xalqın yaddaşına əbədi olaraq qanla həkk olundu. Təqvimin ilk üç ayında Azərbaycan xalqının taleyinə yazılan faciəli günlər sırasında 31 Mart tarixi – Azərbaycanlıların Soyqırımı Günündən artıq 107 il keçir. Lakin bu illər ərzində xalqın taleyində silinməz iz buraxan kütləvi qətllər, daşnaklar tərəfindən işğal olunan torpaqlar, insanlara qarşı misli görünməmiş vəhşicəsinə talan, vandalizm tarixin qanlı səhifəsi kimi Bakı, Zəngəzur, Naxçıvan, Qarabağ, Quba, Şamaxı, Salyan, Xaçmaz, Lənkəran, Hacıqabul və digər ərazilərdə erməni silahlı dəstələrinin törətdikləri soyqırım Azərbaycan xalqına qarşı tarix boyu ermənilərin apardığı siyasətin – deportasiya, etnik təmizləmə və soyqırımın nəticəsi olaraq həyata keçirdikləri ən dəhşətli faciə idi. Rəsmi mənbələrə görə, 12 mindən çox insan – qoca, uşaq, qadın fərq qoyulmadan vəhşicəsinə öldürülmüş, 10 mindən çox insan yurd-yuvasından didərgin düşmüşdü. 31 Mart xalqın taleyinə yazılan qaçqınlıq və köçkünlük millətə kimlik, erməniyə vəhşilik statusunu qazandırdı.
Mart soyqırımı təcavüzkar bir xalqın təkcə əsrlərlə torpağında yaşayıb, suyunu içib havasını udduğu qonşusuna qarşı nankorluğu deyildi, o gün tarixi abidələr, məzarlıqlar, ziyarətgahlar məhv edildi, insanların qoruyub nəsillərə ötürdüyü mənəvi dəyərlər təhqir edildi, təcavüz, namussuzluq, vəhşət başı papaqlı kişilərin, abır-həyalı anaların, qız-gəlinin, günahsız körpələrin bətnində, şüurunda, yaddaşında qanlı şırım açdı. Süngüyə keçirilmiş körpələrin, bətni yarılan hamilə qadınların, qız-gəlininə gözü qabağında vəhşicəsinə təcavüz edilən kişilərin, diri-diri yandırılan insanların fəryadından dağlar, daşlar qana boyandı. İngilis Kulqe müsahibələrindın birində demişdir: “Ermənilər Bakının müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər”.
Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində 1998-ci il 26 mart tarixli fərmanla bu hadisələrə siyasi qiymət verildi və soyqırım rəsmi surətdə bəyan edildi. Heydər Əliyev ilk dəfə soyqırıma hüquqi-siyasi qiymət verərk demişdi: “Qarşımızda duran əsas vəzifələrdən biri xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik”. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə − soyqırımın 100 illiyi ərəfəsində imzaladığı Sərəncam bir daha bu bəşəri cinayətlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əyani-hüquqi sübutudur.
Bu gün dünya hələ də Azərbaycanın müxtəlif bölgələrində zaman-zaman aşkarlanan insan sümüklərinin erməni vandalizmini təsdiqləyən əyani dəlil olduğuna şahidlik edir. Ali Baş Komandanın müdrik siyasəti və müzəffər Azərbaycan ordusunun şücaəti sayəsində 44 günlük Vətəm müharibəsində işğaldan azad olunan torpaqlarda dalğalanan üçrəngli Azərbaycan bayrağı 31 Mart Soyqırımı qurbanlarının əziz xatirəsinə hörmət və ehtiramın əbədi xatirəsi, qan yaddaşımızdır.
Ülviyyə Hacıyeva,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, filologiya üzrə fəlsəfə doktoru, dosent