
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik ” Böyük Ermənistan ” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqrımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gələn ən dəhşətli faciələrdən biri də 1918 ci ilin mart ayında törədilmiş kütləvi qırğındır. Həmin günlərdə qətlə yetirilənlərin sayı on minlərlə ölçülür. 1918- ci il mart soyqrımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqrım faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların Soyqrımı haqqında” Fərman imzalamışdır. Bu fərmana əsasən, martın 31-i “Azərbaycanlıların soyqrımı Günü” elan edilmişdir .
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 mart soyqrımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Üzə çıxmış tarixi faktlar 1918- ci ilin mart- aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat- qat çox olduğunu sübuta yetirir.
Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə, Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918- ci il azərbaycanlıların soyqrımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, tədbirlər planı hazırlanıb, həyata keçirilməsi təmin edilmişdi.
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri