
Ölkəmizin tarixində ən faciəli və unudulmaz günlərdən biri 31 mart tarixidir. Bu tarix 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğınların xatirəsinə ehtiram əlaməti olaraq qeyd olunur.
1918-ci ilin mart hadisələri zamanı Paytaxt Bakı və Azərbaycanın müxtəlif bölgələrində – Şamaxı, Quba, Qarabağ, Lənkəran, Zəngəzur və digər ərazilərdə minlərlə günahsız insan amansızcasına qətlə yetirilmişdir. Bu hadisələr təkcə hərbi qarşıdurma deyil, milli və dini mənsubiyyətə görə azərbaycanlıların məqsədli şəkildə məhv edilməsinə yönəlmiş zorakılıq aktları kimi tarixə düşmüşdür. Qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla öldürülmüş, yaşayış məntəqələri dağıdılmış, mədəni və dini abidələr məhv edilmişdir.
Xüsusilə Quba bölgəsində aşkar edilən kütləvi məzarlıq bu faciənin miqyasını açıq şəkildə göstərir. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, həmin dövrdə təkcə Quba qəzasında on minlərlə insan qətlə yetirilmişdir. Şamaxıda yüzlərlə kənd yerlə-yeksan edilmiş, əhali kütləvi şəkildə məhv edilmişdir.
Uzun illər bu hadisələrə lazımi hüquqi-siyasi qiymət verilməsədə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu məsələyə dövlət səviyyəsində diqqət ayrılmışdır. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmən elan olunmuşdur. Bu qərar tarixi həqiqətlərin dünyaya çatdırılması baxımından çox mühüm addım olmuşdur.
Bu gün Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız 31 Mart tarixini dərin hüznlə yad edir, faciə qurbanlarının xatirəsini ehtiramla anırlar. Eyni zamanda, bu hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi həqiqətlərin təhrif olunmasının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
31 Mart Azərbaycan xalqının yaddaşında yalnız kədər günü deyil, həm də milli birlik və həmrəyliy günü kimi qeyd edilir. Bu faciə xalqımızın mübarizə ruhunu daha da gücləndirmiş, gələcək nəsillərə tarixini unutmamaq və qorumaq mesajını vermişdir.
Bahar Nəsirova,
Neft Kəmərləri İdarəsinin əməkdaşı
YAP Nizami rayon fəalı



