27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri 2020-ci il sentyabrın 27-dən etibarən yazılmağa başladı. Həmin gün başlayan Vətən müharibəsi 30 ilə yaxın davam edən işğal reallığının dəyişdirilməsi baxımından tarihi mərhələ oldu. Azərbaycan Ordusu qarşısında dayanan mühüm vəzifələri ardıcıl şəkildə yerinə yetirərək döyüş meydanında yeni reallıq formalaşdırdı.
27 Sentyabr həm də böyük Zəfərin hansı qiymət bahasına əldə edildiyini xatırladan tarixdir. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə bu günün Anım Günü elan edilməsi şəhidlərin xatirəsinə dövlət səviyyəsində ehtiramın ifadəsidir. Bu tarix hər il Azərbaycan xalqını Vətən uğrunda canından keçən qəhrəmanların qarşısında ehtiramla baş əyməyə səsləyir.
Vətən müharibəsinin ilk günündə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edərək Azərbaycanın mövqeyini açıqladı. Dövlət başçısının həmin gün səsləndirdiyi fikirlər müharibənin məqsədini və xalqın qarşısında duran tarixi vəzifəni ifadə etdi. Sonrakı 44 gün ərzində Azərbaycan Ordusunun irəliləyişi bu siyasi iradənin hərbi müstəvidə həyata keçirilməsini nümayiş etdirdi.
Bu gün 27 Sentyabrı xatırlamaq yalnız keçmişi yada salmaq deyil. Bu tarix şəhidlərimizin əmanətinə sahib çıxmaq, onların fədakarlığını unutmayaraq Zəfərin mahiyyətini gələcək nəsillərə çatdırmaq deməkdir. Anım Günü Azərbaycan xalqının yaddaşında həm hüznün, həm qürurun, həm də milli birliyin rəmzi olaraq yaşayır.
Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini



