AnalitikaGündəmSiyasət

20 yanvar hadisələri Azərbaycan Respublikasının müstəqilliyə gedən yolunda ən böyük sınaqlarından biri olmuşdur

20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir. Məhz bu tarixdə 1988-ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğulları bu yolda, azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər. Bəli, 20 Yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara, silahlı rus qəsbkarlarının qarşısına çıxaran, qəlblərində gəzdikləri doğma torpağın bütövlüyünü, toxunulmazlığını, azadlığını qorumaq hissidir. Sonrakı bütün tarix boyu 20 Yanvar şəhidləri yaddaşlarda qalacaq və əbədi yaşayacaqdır.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib – yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas alınıb.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi MixailQorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusiqəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Ümummilli Lider Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Ulu öndər Heydər Əliyev həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı 20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət vermişdir.

Moskvada Azərbaycan Nümayəndəliyində keçirdiyi mətbuat konfransında isə Heydər Əliyev vəziyyəti vaxtında nizama salmağın mümkünlüyünü necə aydın göstərmişdi: “Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”.

Heç şübhə yoxdur ki, 20 yanvar 1990-cı il hadisələri Azərbaycan Respublikasının müstəqilliyə gedən yolunda ən böyük sınaqlarından biri olmuş və Azərbaycan xalqı bu sınaqdan üzüağ, alnıaçıq çıxmağı bacarmışdır. Hadisənin ertəsi günü Heydər Əliyevin imperiya mərkəzi olan Moskvada mətbuat konfransı keçirməsi, sovet rejimini ifşa etməsi və həqiqəti dünya ictimaiyyətinə çatdırması da bu yolda böyük bir cəsarət nümunəsi olmuşdur.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button