AnalitikaGündəmSiyasət

20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə deyil, həm də milli azadlıq mübarizəsinin simvolu kimi yadda qalmışdır

20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində təkcə faciə deyil, həm də milli azadlıq mübarizəsinin simvolu kimi yadda qalmışdır. Həmin gün baş verən qanlı hadisələrə uzun illər doğru hüquqi və siyasi qiymət verilməmişdir. Lakin Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar faciəsinin əsl mahiyyəti həm hüquqi, həm də tarixi baxımdan düzgün dəyərləndirilməyə başlanmışdır.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinin araşdırılması və şəhidlərin xatirəsinin uca tutulması istiqamətində mühüm addımlar atılmışdır. İlk növbədə, bu hadisələrin yalnız bir xalq faciəsi deyil, həm də Azərbaycanın müstəqillik yolunda atdığı tarixi bir addım olduğu vurğulanmışdır. Heydər Əliyev şəxsən 20 Yanvar faciəsinə beynəlxalq hüquqi müstəvidə qiymət verilməsi üçün tədbirlər planını hazırlamış və bu istiqamətdə ardıcıl fəaliyyət göstərmişdir.

1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə 20 Yanvar hadisələri ilə bağlı xüsusi qərar qəbul edilmişdir. Bu qərarda faciə SSRİ rəhbərliyinin o dövrdə Azərbaycanın azadlıq mübarizəsini boğmaq məqsədilə həyata keçirdiyi hərbi cinayət kimi xarakterizə olunmuşdur. Hadisələrin əsas təşkilatçıları və icraçıları olan sovet rəhbərliyinin hərəkətləri beynəlxalq hüquq normalarına zidd addım kimi qiymətləndirilmişdir.

Ulu Öndərin rəhbərliyi ilə şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması, onların hüquqlarının müdafiəsi istiqamətində də mühüm işlər görülmüşdür. Bundan əlavə, Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəhidlər Xiyabanı bərpa edilmiş və hər il 20 Yanvar günü ümumxalq hüzn günü kimi qeyd edilməyə başlanmışdır.

Ulu Öndər Heydər Əliyev bu faciəni yalnız hüquqi aspektdə deyil, həm də tarixi ədalətin bərpası kimi təqdim edirdi. O, beynəlxalq ictimaiyyətin diqqətini 20 Yanvar hadisələrinə cəlb edərək, dünya dövlətlərini bu faciəni insan hüquqlarının kobud pozuntusu kimi tanımağa çağırmışdır.

Beləliklə, Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən siyasəti nəticəsində 20 Yanvar hadisələrinin hüquqi mahiyyəti tam olaraq açılmış və faciəyə tarixi-siyasi qiymət verilmişdir. Bu addımlar həm şəhidlərin ruhuna hörmətin ifadəsi, həm də Azərbaycanın müstəqillik tarixinin qorunması istiqamətində mühüm rol oynamışdır.

Sevinc Qəhrəmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button