
Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız bir tarixlə məhdudlaşmır. 20 Sentyabr da məhz belə günlərdəndir. Bu tarix Azərbaycanın dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərqərar olması ilə yaddaşımıza həkk olunub və xalqımızın çoxəsrlik dövlətçilik tarixində xüsusi yer tutur.
Suverenlik hər bir dövlət üçün sadəcə hüquqi anlayış deyil. O, xalqın öz taleyinə sahib çıxması, ölkəsinin gələcəyini müstəqil şəkildə müəyyən etməsi və dövlət sərhədləri daxilində öz iradəsini həyata keçirməsi deməkdir. Azərbaycanın bu gün malik olduğu siyasi və dövlətçilik reallığı da məhz bu prinsip üzərində qurulub.
Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası xalqımızın milli iradəsinin və dövlətimizin gücünün mühüm göstəricisidir. Bu proses Azərbaycanın uzun illər ərzində qarşıya qoyduğu məqsədlərə ardıcıl şəkildə və qətiyyətlə çatdığını nümayiş etdirdi. Tarixin müxtəlif mərhələlərində üzləşdiyimiz çətinliklər isə dövlətçilik əzmimizi daha da möhkəmləndirdi.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda müşahidə olunan böyük quruculuq prosesi həmin tarixi reallığın davamıdır. Yenidən salınan şəhərlər, kəndlər, yollar və yaradılan müasir infrastruktur təkcə bərpa işləri deyil, həm də Azərbaycanın öz torpaqlarında yeni həyat qurmaq iradəsinin göstəricisidir. Qarabağda həyatın yenidən canlanması gələcəyə inamımızın ən aydın ifadələrindən biridir.
20 Sentyabr bizə həm keçmişi xatırladır, həm də gələcəyə baxışımızı müəyyənləşdirir. Dövlətimizin suverenliyinin qorunması, milli həmrəyliyimizin möhkəmləndirilməsi və Azərbaycanın davamlı inkişafının təmin edilməsi hər bir vətəndaş üçün mühüm məsuliyyətdir.
Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, müstəqil və suveren dövlətimizin daim güclü, firavan və təhlükəsiz olmasını arzulayıram.
Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının ƏPT sədri


