AnalitikaGündəmSiyasət

1918-ci ilin mart-aprel soyqırımı Azərbaycan xalqının yaddaşına silinməz bir faciə kimi həkk olunmuşdur

1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqı tarixinin ən faciəli hadisələrindən biri ilə üzləşdi. Bolşevik-Daşnak qüvvələri Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər şəhər və qəzalar ərazisində minlərlə dinc azərbaycanlını yalnız etnik və dini mənsubiyyətinə görə qətlə yetirdilər. Bu hadisələr nəticəsində minlərlə insan öldürüldü, yüzlərlə ev və tarixi-mədəni abidələr məhv edildi. Mart hadisələrinin əsas təşkilatçısı bolşevik adı altında fəaliyyət göstərən Bakı Soveti və onun rəhbəri Stepan Şaumyan idi. Ermənilərdən ibarət daşnak silahlı dəstələri bolşeviklərlə birgə hərəkət edərək əsas hədəf kimi müsəlman əhalini seçdilər. 1918-ci il martın 30-da Bakıda qırğınlar başladı və qısa zamanda digər bölgələrə yayıldı.

Mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran, Muğan, Qarabağ və digər bölgələrdə azərbaycanlılar kütləvi şəkildə qətlə yetirildi. Tarixi mənbələrə əsasən: Bakı şəhərində 12 mindən çox azərbaycanlı öldürüldü. Şamaxı qəzasında 8 mindən çox insan qətlə yetirildi, 58 kənd isə tamamilə yandırıldı. Quba qəzasında minlərlə dinc sakin məhv edildi. Burada kütləvi məzarlıqlar aşkar edilmişdir. Muğan və Lənkəranda da yerli əhaliyə qarşı qəddar cinayətlər törədildi. Qırğınlar zamanı təkcə insanlar deyil, onların mədəni və tarixi abidələri də məhv edildi. Bakıda məscidlər, məktəblər yandırıldı, Şamaxı Cümə məscidi dağıdıldı.

1918-ci ilin mart-aprel soyqırımı Azərbaycan xalqının yaddaşına silinməz bir faciə kimi həkk olunmuşdur. Bu hadisələrin araşdırılması və beynəlxalq səviyyədə tanıdılması mühüm əhəmiyyət kəsb edir. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Bu hadisələrə siyasi və hüquqi qiymətin verilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev mühüm addımlar atmış, çıxışlarında bu mövzuya xüsusi diqqət yetirmişlər. Ümummilli Lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart tarixini “Azərbaycanlıların Soyqırımı Günü” elan etmişdir. Bu fərmanda 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlara siyasi qiymət verilmiş və bu hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanmışdır. 2002-ci il martın 27-də Heydər Əliyev Azərbaycan xalqına müraciətində bu faciəni belə qiymətləndirmişdir: “Tariximizin yeni dövründə 31 mart Azərbaycan xalqı, dünya azərbaycanlıları üçün kədər və hüzn ilə qeyd olunan bir gündür.

Prezident İlham Əliyev də 1918-ci il soyqırımı hadisələrinə xüsusi diqqət yetirmişdir. 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamda bu faciənin xalqımızın tarixində dərin iz buraxdığı və onun beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyi qeyd olunmuşdur.
Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında çıxış edərək vurğulamışdır ki, 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən törədilən kütləvi qırğınlar nəticəsində minlərlə dinc sakin qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmışdır.

Bu çıxışlar və sərəncamlar, həmçinin həyata keçirilən tədbirlər, Azərbaycan dövlətinin tarixi həqiqətlərin üzə çıxarılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində apardığı siyasətin bariz nümunəsidir. Bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və gələcək nəsillərə ötürülməsi bizim borcumuzdur.

İslam Bafadarov
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button