
Uzun illər əzəli torpaqlarımıza sahib çıxmaq və burada “böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları Azərbaycan xalqına qarşı XX əsrdə bir neçə dəfə soyqırımlar törədiblər.Ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Azərbaycanlılara qarşı törədilmiş soyqırımlara ilk dəfə hüquqi-siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev demişdir: “Qarşımızda duran əsas vəzifələrdən biri xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik”.
Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.
Soyqırım xüsusi qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Dinc azərbaycanlı əhali diri-diri su və neft quyularına, yanar təndirlərə atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərilə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün “türk, müsəlman” olmaq kifayət edirdi. Mart soyqırımının şahidi olan Azərbaycan tarixçisi Rəşid bəy İsmayılov yazırdı: “İş o yerə çatmışdı ki, daşnaklar “biz, bolşevik, sosialist bilmərik, müsəlmansan, kifayətdir”, – deyə hətta müsəlman sosialistlərini belə qırdılar.”
Soyqırımının gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. “Açıq söz”, “Kaspi” qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı. Qüvvələr bərabər olmadığı üçün martın 31-də azərbaycanlılar döyüşü dayandırmağa məcbur oldular. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam etdirildi. Qırğınlar yalnız aprelin 2-də dayandırıldı.
Ermənilər daima öz mənfur əməllərini Azərbaycan xalqına qarşı tətbiq ediblər. Daima Bu xalqa qarşı soyqrim siyasəti yeridiblər. Hər zaman, nədənsə Dünya bu vəhşiliyi nədənsə görməməkdən gəlmişdir. Bu gün torpaqlarmızı Ali Baş komandanımız cənab prezidemtimiz İlham Əliyevin səyi nəticəsində azad etmişik. Dünyaya bu xalqın gücünü və qeyrətini bir daha nümayiş etdirmiş olduq.
Xəyalə Ağayeva,
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi