
Azərbaycanın müasir dövlətçilik salnaməsində mühüm yer tutan tarixi hadisələrdən biri 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gün təkcə hakimiyyət dəyişikliyi ilə xarakterizə olunmur. Milli Qurtuluş Günü Azərbaycanın dövlət müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, milli həmrəyliyin bərqərar edilməsi və ölkənin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən tarixi mərhələdir.
Ümummilli Lider Heydər Əliyevin “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” sözləri həmin dövrün mahiyyətini və onun üzərinə götürdüyü tarixi missiyanı ən dolğun şəkildə ifadə edən fikirlərdən biridir. Bu bəyanatın siyasi məzmunu ondan ibarət idi ki, Ulu Öndər Heydər Əliyev dövlət idarəçiliyinə sadəcə siyasi vəzifə kimi deyil, xalq və dövlət qarşısında böyük məsuliyyət kimi yanaşırdı. Sonrakı hadisələr də göstərdi ki, bu fikirlər yalnız siyasi çağırış deyildi. Dövlətin xilasına yönəlmiş addımlar həmin mövqenin praktik təzahürü oldu.
1987-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosundan istefasından sonra həm Azərbaycanda, həm də regionda hadisələrin inkişaf istiqaməti dəyişməyə başladı. Qısa müddət sonra erməni millətçi dairələrinin Qarabağa dair iddiaları açıq şəkildə ortaya çıxdı. Sonrakı proseslər sübut etdi ki, bölgədə yaranmış mürəkkəb vəziyyət yalnız daxili səbəblərlə deyil, həm də xarici təsirlərlə şərtlənirdi.
Azərbaycan müstəqilliyinin ilk illərində daha ağır və mürəkkəb sınaqlarla üzləşdi. Dövlət idarəçiliyində xaosun hökm sürməsi, siyasi qarşıdurmaların dərinləşməsi, müxtəlif silahlı dəstələrin nəzarətsiz fəaliyyəti və cəbhədəki uğursuzluqlar ölkəni ciddi böhran vəziyyətinə gətirmişdi. Ayrı-ayrı bölgələrdə separatçı meyllərin güclənməsi, dövlət institutlarının zəifləməsi və hakimiyyət daxilindəki ziddiyyətlər Azərbaycanın gələcəyini təhlükə altına salmışdı.
1991–1993-cü illər ərzində ölkənin müstəqilliyi və suverenliyi real təhdidlərlə üz-üzə qalmışdı. Hakimiyyət daxilində müxtəlif qrupların formalaşması, idarəçilikdə peşəkarlığın çatışmaması və dövlət maraqlarının lazımi səviyyədə qorunmaması cəmiyyətdə ciddi narahatlıq yaradırdı. İqtisadi vəziyyət getdikcə ağırlaşır, əhalinin sosial rifahı aşağı düşür, dövlətə və hakimiyyətə inam zəifləyirdi. Belə bir şəraitdə xalq ölkənin xilası üçün güclü və təcrübəli liderə ehtiyac duyurdu.
Cəmiyyətin müxtəlif təbəqələri artıq başa düşürdü ki, mövcud böhrandan çıxış yolu yalnız peşəkar idarəçilikdən, milli maraqlara əsaslanan siyasətdən və qətiyyətli rəhbərlikdən keçir. Ümummilli Lider Heydər Əliyev sonralar həmin dövrü belə xarakterizə etmişdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi.”
Bu fikirlər o dövrdəki mürəkkəb siyasi vəziyyəti tam əks etdirirdi. Problem yalnız daxili böhranla məhdudlaşmırdı. Azərbaycanın əlverişli geosiyasi mövqeyi və strateji potensialı da müxtəlif xarici qüvvələrin maraq dairəsində idi.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və siyasi dairələrin çoxsaylı çağırışlarını qəbul edərək Bakıya qayıtdı. Bu qayıdış adi siyasi hadisə deyildi. Bu, dövlətçiliyin qorunması naminə böyük məsuliyyətin öz üzərinə götürülməsi idi. Həmin günlərdə ölkədə hakimiyyət uğrunda mübarizənin davam etdiyi bir vaxtda onun həyatını riskə ataraq Gəncəyə getməsi və yaranmış böhranın aradan qaldırılması istiqamətində fəaliyyət göstərməsi siyasi liderliyin ən parlaq nümunələrindən biri kimi tarixə düşdü.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin siyasi həyatında yeni dövrün başlanğıcı oldu. Sonradan bu günün Milli Qurtuluş Günü elan edilməsi də məhz həmin tarixi əhəmiyyətlə bağlı idi. Çünki məhz bu tarixdən sonra dövlətçiliyin qorunması və möhkəmləndirilməsi istiqamətində sistemli və ardıcıl siyasət həyata keçirilməyə başladı.
Qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik təmin olundu, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, nizami ordu formalaşdırıldı, idarəetmə sistemi təkmilləşdirildi və iqtisadi inkişaf üçün möhkəm zəmin yaradıldı. İnsanların dövlətə olan etimadı yenidən bərpa edildi.
Ümummilli Lider Heydər Əliyevin siyasi liderliyini fərqləndirən əsas xüsusiyyətlərdən biri hadisələrə yalnız cari dövrün prizmasından deyil, gələcək perspektivlər baxımından yanaşması idi. O, dövlətin taleyini gündəlik siyasi proseslərin ixtiyarına buraxmır, uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirirdi. Bu baxımdan Milli Qurtuluş prosesi təkcə mövcud böhranın aradan qaldırılması ilə nəticələnmədi, eyni zamanda Azərbaycanın sonrakı onilliklərdəki siyasi və iqtisadi inkişaf istiqamətlərini də müəyyən etdi.
1993–2003-cü illər ərzində həyata keçirilən siyasət və islahatlar müasir Azərbaycanın əsaslarını formalaşdırdı. Məhz həmin dövrdə ölkənin beynəlxalq əlaqələri genişləndirildi, enerji strategiyasının təməli qoyuldu, dövlət institutları gücləndirildi və milli maraqlara söykənən müstəqil siyasət həyata keçirildi.
Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı güclü, müstəqil və suveren dövlət kimi inkişaf edir. Ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, beynəlxalq nüfuzunun yüksəlməsi və regionun aparıcı dövlətlərindən birinə çevrilməsi həmin uzaqgörən siyasətin nəticəsidir.
Cənab Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirməsi Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olmasına şərait yaratdı. Xüsusilə Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər ölkəmizin siyasi iradəsini, iqtisadi qüdrətini və hərbi gücünü bütün dünyaya nümayiş etdirdi.
Cənab Prezident İlham Əliyevin “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi” fikri Milli Qurtuluşun əsl mahiyyətini aydın şəkildə ifadə edir. Bu yanaşma yalnız tarixi hadisəyə verilən qiymət deyil, həm də müasir Azərbaycanın hansı möhkəm siyasi təməl üzərində yüksəldiyini göstərən mühüm baxışdır.
Bu gün ölkəmizin əldə etdiyi uğurlar, ərazi bütövlüyünün bərpa olunması, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramının uğurla icrası bir daha sübut edir ki, 1993-cü ildə müəyyənləşdirilən siyasi xətt öz səmərəsini verməkdə davam edir.
Tarix göstərir ki, xalqların həyatında bəzi günlər yalnız keçmişin bir hissəsinə çevrilmir, həm də gələcək inkişafın ideoloji və siyasi dayağına çevrilir. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan üçün məhz belə bir tarixi məna daşıyır. Bu tarix xalqın dövlətçilik əzminin, milli birliyinin və uzaqgörən liderliyin təntənəsi kimi daim yaşayır. Bu gün Azərbaycanın qazandığı hər bir uğurun təməlində isə məhz həmin taleyüklü qərarların və düzgün seçilmiş siyasi kursun izləri aydın görünür.
Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı



