
Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığı və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır. Atatürk “Bütün zamanların və bütün məkanların böyük azərbaycanlısı” (Y.Mahmudov) Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu 1969-cu ildən başlayır. Bu ildən Azərbaycan tarixinə “Əliyev dövrü” yazılır. Sovet amirlik sisteminin hökmran olduğu bu dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ulu Öndər fitri idarəçilik qabiliyyəti, iti təfəkkürü, analitik təhliletmə bacarığı, parlaq zəkası, uzaqgörənliyi və siyasəti nəticəsində hələ o zaman müstəqil Azərbaycanın modelini qurmuş, xəritəsini çəkmiş, gələcək yollarını müəyyənləşdirmişdi. Bu ildən Azərbaycanda kiçik fasilələri nəzərə almazsaq, Heydər Əliyev mərhələsinin əsası qoyulur. “Əliyev dövrü” – “sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri və çatışmazlıqları ilə bərabər respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla, ən başlıcası isə − xalqın mənəvi intibah, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunan”1 dövrü başlayır. Hələ hakimiyyətinin birinci dövründə Heydər Əliyev siyasi uzaqgörənliklə liderlik məharətini göstərmiş, xalqın gözündə və Azərbaycanın siyasi arenasında Ümummilli lider obrazını yaratmış və ömrünün sonuna qədər bu adın əbədiliyini qoruyub saxlamağa müvəffəq olmuşdur. Professor İbrahim Kazımbəyli yazır: “Sovet dövrünü xarakterizə edərkən aydın olur ki, inzibati-amirlik sistemi, ağır idarəçilik sistemi, mərkəzdən asılılıq, ədalətsiz bölgülər və s. məsələlər qabarıq şəkildə görünür. Görkəmli dövlət adamı olan Heydər Əliyev çox gözəl başa düşürdü ki, Azərbaycanın bütün sahələrdə inkişafı üçün imkanlar çoxdur. Zəngin yeraltı və yerüstü sərvətlərimiz istifadə olunur, lakin bu, bərabər bölünür. Lakin bu bölgüdən də xalqın güzəranına, dövlətin inkişafına lazım olan qədər sərf olunmur. Qısa müddət ərzində Azərbaycan SSR-də sosial-iqtisadi, mədəni inkişaf nəzərəçarpacaq səviyyəyə qalxdı”. Bu mənada XX əsri Heydər Əliyev epoxası adlandırsaq, yanılmarıq. 1969-cu ildən Azərbaycana rəhbərlikdən başlayaraq keçmiş SSRİ rəhbərliyinə qədər yüksələn Heydər Əliyevin liderlik yolu 1993-cü ildən Azərbaycanın müstəqilliyinə, inkişafına həsr olundu. Ulu Öndər Azərbaycanın bütövlüyünü, özgürlüyünü qorumuş, onu dünyanın tanınmış dövlətləri sırasına çıxarmışdı. Heydər Əliyevin müstəqil Azərbaycanda apardığı siyasətin mahiyyətini hər bir vətəndaşın həyat tərzinin, rifahının yaxşılaşdırılması, ana dilinin varlığının qorunması, dini-əxlaqi, milli-mənəvi dəyərlərin yaşadılması, elmin, təhsilin dünya standartlarına cavab verməsi, torpaqlarımızın azad edilməsi, sərhədlərimizin toxunulmazlığı, nəhayət, canı qədər sevdiyi doğma Azərbaycanın qorunması təşkil edirdi. O deyirdi: “Azərbaycanı qoruyun, Azərbaycanın müstəqilliyini möhkəmləndirin, Azərbaycanın daxili imkanlarından və potensialından istifadə edin. Azərbaycan bundan sonra heç vaxt öz müstəqilliyini itirməyəcək. Yalnız və yalnız öz imkanlarını ortaya qoyaraq daha da möhkəm dövlətə çevriləcək, dünyaya günəş kimi doğacaqdır”. XX əsrin son 30 ilini adı və əməlləri ilə bağlayan Heydər Əliyev XXI əsrdə də Azərbaycanın gələcəyini düşünür, sabahına inamla baxır, onun müstəqilliyinin möhkəmləndirilməsi yolunda var qüvvəsilə çalışırdı. Xüsusilə elmə, təhsilə, milli-mənəvi dəyərlərə yüksək qiymət verən Ümummilli lider cəmiyyətin tərəqqisində bu sahələrə diqqət və qayğısını əsirgəmirdi. Müstəqillik dövrü hakimiyyəti illərində Ulu Öndərin idarəçilik strategiyasının əsasını Azərbaycanın suverenliyinin qorunması, demokratiya, ümumbəşəri dəyərlər konteksində milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi təşkil edir və azərbaycançılıq ideologiyasının əsası qoyulur. Y.Mahmudovun dediyi kimi, “bütün zamanların və bütün məkanların böyük azərbaycanlısı” – “Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi olan Heydər Əliyev dünyanın bütün başqa dahi şəxsiyyətlərindən fərqli olaraq, iki müxtəlif ictimai-siyasi sistemdə yaşamışdır. Və hər iki sistemdə siyasət nərdivanının ən yüksək pilləsinə ucala bilmişdir” . Təsadüfi deyil ki, Azərbaycan tarixinin istər 1969-cu ildən sonrakı dövrü, istərsə də 1990-cı illərdən sonra müstəqillik dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Akademik İsa Həbibbəyli Ulu Öndərin həyat yolunu xalqın taleyindən, Azərbaycanın taleyindən ayrı təsəvvür etmir: “Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti həmişə ölkənin və xalqın taleyi və müqəddəratı, xilası və inkişafı ilə üzvi vəhdətdə dəyərləndirilir. Haqlı olaraq Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin, bütövlükdə yeni Azərbaycanın qüdrətli yaradıcısı və böyük qurucusu hesab edilir. Müstəqil Azərbaycan Heydər Əliyevin möhtəşəm əsəridir. Görkəmli dövlət xadimi Heydər Əliyevin adı və xidmətləri ilə bağlı olan hər bir hadisə Azərbaycanın müstəqillik tarixinin qiymətli səhifələrini təşkil edir. Sözün geniş mənasında Heydər Əliyev azərbaycançılıq idealının rəmzinə çevrilmişdir. Heydər Əliyevin çətin, keşməkeşli və mənalı həyatı, böyük mübarizə yolu müstəqil Azərbaycan dövlətinin epopeyasıdır”.
2022-ci il 18 noyabr tarixli Sərəncamla Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ili “Heydər Əliyev İli” elan etdi. Sərəncamda deyilir: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”. Bu Sərəncam 2023-cü il may ayının 10-da Ümummilli liderin anadan olmasının 100 illiyinə bir rəhbərin ehtiramı, bir övladın borcu, bir azərbaycanlının vətəndaşlıq missiyasıdır. Xalq yazıçısı Elçin yazır ki, “O bir məktəb idi: böyük siyasət məktəbi, quruculuq, idarəçilik, liderlik, cəsarət və səbr, dinləmək və yekunlaşdırmaq, hər şeyin məqamını bilmək məktəbi, eləcə də sırf insani məktəb, hiss-həyəcanlar, mərhəmət, məhəbbət və iradə məktəbi, sevinc və kədər, yumşaqlıq, kövrəklik və sərtlik, dönməzlik məktəbi” … İllər ötəcək, qərinələr, əsrlər, nəsillər bir-birini əvəz edəcək. Heydər Əliyev məktəbi isə bu gün olduğu kimi, sabah da öyrənilməyə, araşdırılmağa və ondan bəhrələnməyə öz tədqiqatçılarını gözləyir.
Nazilə Abdullazadə
Azərbaycan Dövlət Pedaqoji Universiteti pedaqogika üzrə fəlsəfə doktoru, dosent “Tərəqqi” medalı mükafatçısı