AnalitikaGündəmSiyasət

Zəfər yolunun uca zirvəsi: 25 Noyabr – Kəlbəcər Şəhəri Günü

25 Noyabr Azərbaycanın müasir tarixinə şanlı Zəfərin və diplomatik qələbənin ən parlaq səhifələrindən biri kimi həkk olunub. 1993-cü ilin aprelində işğal edilərək 27 il boyunca düşmən tapdağı altında qalan, mədəni irsi talan edilən, təbiətinə amansız ziyan vurulan qədim Kəlbəcər 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində, 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, bir güllə belə atılmadan, şəhid vermədən azadlığa qovuşdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən “Kəlbəcər şəhəri günü” xalqımızın əzminin, sarsılmaz birliyinin və tarixi ədalətin bərpasının təntənəsidir. Özünün füsunkar təbiəti, uca dağları, şəfalı suları və zəngin yeraltı sərvətləri ilə seçilən Kəlbəcər həm də Azərbaycanın ən qədim yaşayış məskənlərindən və mədəniyyət mərkəzlərindən biridir. Qədim Alban irsinin inciləri olan Xudavəng və Gəncəsər monastırları, Zar mağarası, eləcə də dünyaca məşhur İstisu mineral bulaqları bu diyarın minilliklərə söykənən tarixi kimliyinin əyani sübutudur. Aşıq Şəmşir kimi böyük söz ustadlarının yurdu olan Kəlbəcər əsrlər boyu milli-mənəvi dəyərlərimizin və folklorumuzun qorunub saxlanmasında müstəsna rol oynayıb. Bu gün Kəlbəcər özünün yeni intibah dövrünü yaşayır. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı ilə azad edilmiş torpaqlarda həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Murovdağın altından çəkilən strateji tunellər, müasir yol-nəqliyyat infrastrukturu, enerji xətləri, yenidən qurulan İstisu sanatoriyası və salınan müasir yaşayış kompleksləri yaxın gələcəkdə Kəlbəcəri regionun ən abad, turizm və sənaye potensialı yüksək olan mərkəzlərindən birinə çevirəcək.

Yaqut Əhmədli,    
YAP Yasamal rayon təşkilatınln fəal gənci

Oxşar Xəbərlər

Back to top button