AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət
Trend

Rəşadət Xalıqov: Kəlbəcərin azadlığı Tarixi Zəfərin, dirçəlişi isə qətiyyətli dövlət siyasətinin təntənəsidir

“Kəlbəcərin işğaldan azad olunması Azərbaycanın müasir tarixində mühüm strateji və siyasi hadisələrdən biridir. 25 noyabr 2020-ci ildə rayonun Azərbaycana qaytarılması 44 günlük Vətən müharibəsində qazanılmış Tarixi Zəfərin mühüm nəticəsi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin və həyata keçirdiyi məqsədyönlü strategiyanın təzahürü oldu. Uzun illər ərzində formalaşdırılan güclü iqtisadi potensial, müasir ordu quruculuğu, prinsipial diplomatik mövqe və xalq-iqtidar birliyi Azərbaycanın tarixi ədaləti bərpa etməsinə zəmin yaratdı. Bu Zəfər həm də milli suverenliyimizin və dövlətçilik iradəmizin təsdiqi idi. Kəlbəcərin azadlığı isə həmin tarixi prosesin xüsusi əhəmiyyət daşıyan mərhələlərindən biri kimi yadda qaldı”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Tarixi Zəfərdən sonra müəyyən edilmiş dövlət strategiyasının ardıcıl davamıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə nəqliyyat, enerji, yaşayış və sosial infrastruktur yenidən qurulur, müasir şəhərsalma prinsipləri əsasında yeni inkişaf mühiti formalaşdırılır. Kəlbəcərin Baş Planının təsdiqlənməsi, yolların və tunellərin inşası, yaşayış məntəqələrinin bərpası, təhsil və səhiyyə obyektlərinin yaradılması rayonun gələcək inkişafının sistemli şəkildə planlaşdırıldığını göstərir. Burada əsas məqsəd Kəlbəcəri müasir standartlara cavab verən, iqtisadi cəhətdən fəal və insanların rahat yaşayacağı bölgəyə çevirməkdir.

Kəlbəcərə Böyük Qayıdış bu tarixi prosesin ən mühüm humanitar və sosial mərhələsidir:

“Uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə dönməsi, ailələrin yenidən Kəlbəcərdə məskunlaşması Zəfərin real və mənəvi nəticələrini nümayiş etdirir. Kəlbəcərin zəngin təbii sərvətləri, İstisu mineral suları, turizm potensialı, kənd təsərrüfatı və bərpaolunan enerji imkanları bu istiqamətdə mühüm perspektivlər yaradır. Əminliklə demək olar ki, Kəlbəcərin bugünkü dirçəlişi Azərbaycanın Zəfərdən sonrakı inkişaf mərhələsinin mühüm göstəricilərindəndir”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə başlanan bu tarixi yolun əsas hədəfi azad edilmiş torpaqlarda təhlükəsiz, dayanıqlı və firavan həyatın təmin edilməsidir. Kəlbəcər artıq yeni yolları, müasir yaşayış məkanları, iqtisadi imkanları və doğma yurda qayıdan insanları ilə gələcəyə doğru inkişaf edir. Bizim üçün Kəlbəcərin dirçəlişi həm də şəhidlərimizin əziz xatirəsinə ehtiram, qazilərimizin fədakarlığına hörmət və gələcək nəsillərə ötürülən milli məsuliyyət deməkdir. Tarixi Zəfərlə qazanılan azadlıq bu gün quruculuqla möhkəmlənir, Böyük Qayıdışla yeni məzmun qazanır və Azərbaycanın gələcək inkişafına xidmət edir.

Oxşar Xəbərlər

Back to top button