AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Ağdam – Qarabağın yeni inkişaf mərkəzi

20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan əlamətdar gündür. Bu tarix ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının, milli birliyin və güclü dövlət siyasətinin təntənəsinin ifadəsidir. Bu gün Ağdam yeni inkişaf mərhələsinə qədəm qoyaraq Azərbaycanın quruculuq potensialını nümayiş etdirən şəhərlərdən birinə çevrilir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Ağdamda genişmiqyaslı bərpa və yenidənqurma layihələri reallaşdırılır. Müasir şəhərsalma prinsipləri əsasında hazırlanan Baş plan şəhərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Yeni yaşayış kompleksləri, sosial obyektlər və mühəndis-kommunikasiya sistemləri Ağdamın müasir simasını formalaşdırır.

Şəhərin iqtisadi potensialının gücləndirilməsi də dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ağdam Sənaye Parkının fəaliyyəti, yeni müəssisələrin yaradılması, sahibkarlığın inkişafı və investisiyaların cəlb edilməsi regionun iqtisadi imkanlarını genişləndirir. Bu layihələr Ağdamın mühüm istehsal və sənaye mərkəzi kimi formalaşmasına xidmət edir.

Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin doğma torpaqlarına qayıtması şəhərin inkişafına xüsusi məzmun verir. Yeni evlərə köçən ailələr, fəaliyyətə başlayan məktəblər və sosial müəssisələr Ağdamda həyatın yenidən canlandığını göstərir. Dövlətin əsas məqsədi sakinlər üçün təhlükəsiz, rahat və müasir yaşayış şəraiti yaratmaqdır.

Ağdamın bugünkü inkişafı Azərbaycanın gələcəyə hesablanmış strateji siyasətinin real nəticəsidir. Şəhərdə həyata keçirilən hər bir layihə ölkəmizin iqtisadi qüdrətini, quruculuq əzmini və milli iradəsini nümayiş etdirir. 20 Noyabr – Ağdam Şəhəri Günü bu böyük inkişaf yolunun, dövlətçilik qürurunun və Qarabağın dirçəlişinin rəmzidir.

Arif Məmmədov,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button