
“1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsi Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı mürəkkəb proseslərin, siyasi böhranın, idarəçilik problemlərinin və cəmiyyətdə güclü dövlət rəhbərliyinə yaranan ehtiyacın məntiqi nəticəsi idi. Partiyanın 34 illik fəaliyyəti isə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli maraqların qorunması və ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi ilə sıx bağlı olan mühüm siyasi mərhələ kimi qiymətləndirilə bilər. Yeni Azərbaycan Partiyasının yaranmasını şərtləndirən tarixi və siyasi amillərə nəzər saldıqda aydın olur ki, 1990-cı illərin əvvəllərində Azərbaycan son dərəcə mürəkkəb sınaqlarla üz-üzə qalmışdı. Dövlət müstəqilliyi bərpa edilsə də, siyasi sabitlik təmin olunmamış, idarəetmədə ciddi problemlər yaranmış, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü ölkənin təhlükəsizliyini təhdid etmişdi. Cəmiyyətdə milli həmrəyliyin təmin olunmasına, dövlətçilik təcrübəsinə malik siyasi liderə və ölkəni böhrandan çıxara biləcək aydın inkişaf strategiyasına ehtiyac duyulurdu. Belə bir şəraitdə xalqın müxtəlif təbəqələrinin nümayəndələri öz siyasi iradələrini ifadə edərək Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsünü irəli sürdülər. Partiyanın təsis edilməsi, əslində, Azərbaycanın gələcək siyasi kursunun müəyyənləşdirilməsi istiqamətində atılmış mühüm addım idi”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və idarəçilik bacarığı ilə ölkənin gələcək inkişaf modelinin əsasını formalaşdırdı. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət qısa müddətdə dövlət institutlarının möhkəmləndirilməsinə, ictimai-siyasi sabitliyin bərqərar olunmasına və Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində mövqelərinin gücləndirilməsinə xidmət etdi. Ulu Öndər Heydər Əliyevin siyasi fəlsəfəsinin mərkəzində güclü dövlət, milli birlik, suverenlik, xalqın rifahı və Azərbaycanın davamlı inkişafı dayanırdı. Bu prinsiplər Yeni Azərbaycan Partiyasının ideoloji xəttinin əsas istiqamətlərinə çevrildi və zaman keçdikcə ölkənin siyasi həyatında mühüm rol oynadı. Partiyanın tarixi missiyasını səciyyələndirən əsas məqamlardan biri onun dövlətçilik maraqlarını siyasi fəaliyyətin başlıca meyarı kimi qəbul etməsidir. Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi dövr ərzində təşkilatlanma, siyasi dialoq, ictimai iştirakçılıq və dövlət siyasətinin həyata keçirilməsində fəal rol oynamaq istiqamətində inkişaf yolu keçib. Bu prosesdə partiyanın cəmiyyətlə əlaqələrinin genişlənməsi, müxtəlif sosial qrupların nümayəndələrinin siyasi proseslərə cəlb olunması və yeni nəsil siyasi fəalların yetişməsi də diqqətəlayiq məqamlardandır. Siyasi təşkilatın uzunömürlülüyünü təmin edən amillərdən biri onun tarixi ənənələri müasir dövrün çağırışları ilə uzlaşdırmaq bacarığıdır.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafında yeni mərhələ başladı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji siyasi kurs müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirildi və yeni məzmunla zənginləşdirildi. Ölkədə iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun yenilənməsi, regionların sosial-iqtisadi inkişafı, enerji təhlükəsizliyinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və müdafiə potensialının artırılması istiqamətində mühüm addımlar atıldı. Bu siyasət nəticəsində Azərbaycan regionun mühüm iqtisadi və siyasi aktorlarından birinə çevrildi. Yeni Azərbaycan Partiyasının fəaliyyətində də müasir dövlətçilik, milli maraqların qorunması və inkişaf strategiyasına dəstək əsas istiqamətlər kimi ön plana çıxdı.
“Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolunun ən mühüm siyasi və tarixi nəticələrindən biri ərazi bütövlüyünün və suverenliyin bərpası oldu. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycan xalqının iradəsinin, Ordumuzun qəhrəmanlığının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin təntənəsi kimi tarixə düşdü. Uzun illər ərzində xalqımızın qəlbində yaşayan Qarabağ həsrəti sona yaxınlaşdı, Azərbaycanın hərbi-siyasi qüdrəti və milli birliyi özünü bütün dünyaya nümayiş etdirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində suverenliyinin tam bərpası isə müasir Azərbaycan tarixinin mühüm mərhələsini tamamladı. Bu hadisələr milli dövlətçilik ideyasının, ardıcıl siyasi strategiyanın və güclü dövlət quruculuğunun tarixi əhəmiyyətini bir daha təsdiqlədi”.
Rəşadət Xalıqov əlavə edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın müharibədən sonrakı inkişaf mərhələsinin əsas prioritetlərindəndir. Azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, yolların, tunellərin, hava limanlarının, enerji və kommunikasiya infrastrukturunun yaradılması, məktəblərin, xəstəxanaların və sosial obyektlərin tikilməsi Böyük Qayıdış strategiyasının mühüm tərkib hissəsidir. Vaxtilə işğalın ağır nəticələri ilə üzləşmiş torpaqlarımız bu gün yenidən qurulur, həyat öz axarına qayıdır.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü Azərbaycanın müstəqillik tarixinin mühüm mərhələlərini, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasını və xalqımızın milli birliyini bir daha xatırlamaq üçün əhəmiyyətli fürsətdir. 1992-ci ildə mürəkkəb tarixi şəraitdə yaranan partiyamız bu gün Azərbaycanın siyasi həyatında mühüm yer tutan təşkilatlardan biridir. Qarşıdakı dövrdə onun fəaliyyətinin əsas meyarı ölkənin suverenliyinin möhkəmləndirilməsinə, sosial rifahın yüksəldilməsinə, milli maraqların qorunmasına və müasir, qüdrətli Azərbaycanın inkişafına verdiyi töhfə olacaq.



