
17 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Köçəsgər kənd”, “Vurğun qəsəbə” və “Həsənsu kənd” Ərazi Partiya Təşkilatlarından olan fəalların iştirakı ilə partiyanın təsis edilməsinin 34-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması və sonrakı inkişafı Heydər Əliyevin siyasi fəaliyyəti ilə sıx bağlıdır. Onun dövlətçilik təcrübəsi, siyasi baxışları və idarəçilik prinsipləri partiyanın ideoloji və təşkilati əsaslarının formalaşmasında mühüm rol oynamışdır.
Tədbirdə çıxış edən digər natiqlər – “Köçəsgər kənd” Ərazi Partiya Təşkilatının sədri Akim Namazov, Vurğun qəsəbə tam orta ümumtəhsil məktəbin müəllimi Nizami Alıyev, partiya fəalı Rüfət Axundov və Köçəsgər kənd tam orta ümumtəhsil məktəbin direktoru Gülnarə Musayeva bildiriblər ki, 21 Noyabr – Yeni Azərbaycan Partiyasının yaranma günü ölkənin siyasi tarixinin mühüm hadisələrindən birinin xatırlanması baxımından əhəmiyyət daşıyır. Həmin tarix Azərbaycan dövlətçiliyinin inkişaf mərhələlərini, siyasi təşkilatlanma təcrübəsini və müasir Azərbaycanın formalaşma prosesini öyrənmək üçün mühüm tarixi mənbədir.




