İlham Əliyevin qətiyyətli rəhbərliyi Azərbaycanın tarixi Zəfərinin əsas amili kimi

Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbə uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsi idi. Ölkənin siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və milli maraqların ardıcıl müdafiəsi Zəfərə aparan yolun mühüm mərhələlərini təşkil edirdi. Bu prosesin mərkəzində Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və strateji baxışı dayanırdı.
Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün bərpasını daim əsas milli məqsəd kimi qarşıya qoymuşdu. O, beynəlxalq tribunalarda ölkəmizin haqlı mövqeyini müdafiə edir, işğal faktını dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Eyni zamanda, diplomatik fəaliyyətlə yanaşı, güclü iqtisadiyyatın və müasir silahlı qüvvələrin formalaşdırılması istiqamətində ardıcıl addımlar atılırdı. Beləliklə, Azərbaycanın qarşısında duran tarixi vəzifənin yerinə yetirilməsi üçün zəruri siyasi və hərbi zəmin yaradıldı.
Vətən müharibəsi başlandıqdan sonra Ali Baş Komandanın operativ qərarları və qətiyyətli mövqeyi hərbi əməliyyatların uğurla aparılmasında mühüm əhəmiyyət daşıdı. Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, müasir texnologiyalardan istifadə bacarığı və peşəkar hərbi idarəetmə ilə seçildi. Ordumuzun hər bir uğuru dövlətin illər ərzində formalaşdırdığı müdafiə sisteminin səmərəliliyini təsdiqlədi.
44 günlük müharibə zamanı xalqın öz Prezidentinin ətrafında sıx birləşməsi də Qələbənin əsas amillərindən biri oldu. Cəbhədən gələn xoş xəbərlər ölkənin hər yerində böyük ruh yüksəkliyi yaradır, insanlar əsgər və zabitlərimizin uğurlarını qürurla qarşılayırdılar. Bu birlik Azərbaycanın yalnız hərbi deyil, mənəvi baxımdan da güclü dövlət olduğunu nümayiş etdirdi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri tarixi Zəfərin yeni mərhələsini təşkil edir. Azad edilmiş ərazilərdə yollar, yaşayış məntəqələri, məktəblər, xəstəxanalar və istehsal müəssisələri inşa olunur. Bütün bunlar göstərir ki, qətiyyətli liderliklə qazanılan Qələbə dövlətin inkişaf strategiyası ilə gələcəyə daşınır.
Reyhanə Ələkbərova,
YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini



