8 Noyabr Zəfər Günü -xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən 8 Noyabr tarixi hər il ölkəmizdə Zəfər Bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bütövlüyümüzün, birliyimizin sevincini Qalib Xalq kimi alnımız açıq, başımız dik, iftixarla qeyd edirik və əminliklə söyləyə bilərik ki, müstəqilliyimiz tarixində heç vaxt indiki kimi güclü, qüdrətli, vüqarlı, istiqrarlı olmamışıq.
Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistanı müdrik siyasəti, sərkərdəlik qabiliyyəti və hərbi-siyasi diplomatiyası qarşısında diz çökdürən, çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsini cəmi 44 günə həll edərək xalqımızın 30 illik həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qəhrəmanlıq tariximizə qızıl hərflərlə Zəfər dastanını yazdı.
Altıncı ildönümünü qeyd etdiyimiz şanlı Zəfərimizin memarı Ulu Öndər Heydər Əliyevin layiqli varisi, onun yarımçıq qalan arzularını gerçəkliyə çevirən cənab İlham Əliyevdir. Bu Zəfər möhtərəm Prezidentimizin qətiyyətli və prinsipial siyasətinin bariz təcəssümüdür. Məhz Ali Baş Komandanımızın siyasi iradəsi, düşünülmüş və hərtərəfli təhlildən keçmiş siyasi strategiyası, sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, beynəlxalq aləm Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi.
Böyük Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin, onun ölməz ideyalarının təntənəsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin parlaq təcəssümüdür. Bu gün qazandığımız qələbələrin, uğurların təməlində Azərbaycan xalqının Ümummilli Liderinin möhkəm təməlini qoyduğu siyasi kurs, inkişaf strategiyası dayanır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasətini yeni məzmun və keyfiyyətlə uğurla davam etdirərək Azərbaycanı qüdrətli ölkəyə çevirdi. Azərbaycanın Milli Qurtuluşdan başlanan qalibiyyət yolu Böyük Zəfərlə sonunclandı.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Bu gün Xankəndidə, Ağdərədə, Xocavənddə, Əskəranda, Şuşada, işğaldan azad olmuş hər bir yerdə dalğalanan müəqəddəs üçrəngli ay-ulduzlu bayrağımız böyük Qələbə dastanının fəxarət və milli-qurur rəmzidir.
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır.
Xalqımıza tarixi Zəfər qələbəsini yaşadan, bu yolda canlarını belə əsirgəməyən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik. Böyük Qəhrəmanlıq dastanını yazmış Vətən övladları heç vaxt unudulmayacaq, xalqımızın qəlbində daim yaşayacaqlar.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək: “ Bu Qələbə, bu Zəfər bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik. Buna görə, əziz hərbçilərə, qazilərimizə və canlarını qurban vermiş şəhidlərimizə borcluyuq.
Biz döyüş meydanında birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı ləyaqətlə başa vurduq, Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır.”
Ata vəsiyyətini yerinə yetirdiyi üçün Özünü xoşbəxt sayan dövlətimizin başçısı İlham Əliyev hər birimizin qürur ünvanıdır. Cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən xalqımızın öz Liderinə sevgisi sonsuzdur. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Prezident İlham Əliyevin Şuşa işğaldan azad olunan gün Fəxri xiyabanda Ulu Öndərin məzarını qürurla ziyarət etməsi, xalqa müraciətində dediyi sözlər yada düşür: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə möhtərəm Prezidentimizin şəxsi nəzarəti altında böyük miqyasda quruculuq və yenidənqurma işləri aparılır, Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla icra olunur. Bu gün Qarabağ ölkəmizin ideoloji-siyasi mərkəzinə, beynəlxalq tədbirlərin və görüşlərin keçirildiyi məkana çevrilmişdir.
Xalqımız əmindir ki, cənab Prezidentimizin şəxsi nəzarəti və gündəlik qayğısı sayəsində Qarabağ və Şərqi Zəngəzur qısa zaman kəsiyində respublikamızın dilbər guşələrindən birinə çevriləcəkdir.
Zəfərimiz, qələbələrimiz mübarək olsun.
Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev, Tanrı xalqımızı və Prezidentimizi qorusun, Rəşadətli və qüdrətli Azərbaycan Ordusuna eşq olsun, yaşasın Azərbaycan.!
Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı



