
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, 10-cu küçə, 82” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.
Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, SOCAR 2 saylı Texnoloji Nəqliyyat Departamentinin baş mühəndisi Elzamin Kazımov və ərazi partiya təşkilatının sədri, qaraj rəisi Bahadur Şahverdiyev çıxış ediblər.
Çıxışlarda nəqliyyat sahəsinin ölkə iqtisadiyyatında və istehsalat proseslərinin fasiləsizliyinin təmin edilməsində mühüm rolu vurğulanıb. Qeyd edilib ki, texnoloji nəqliyyat xidmətlərinin səmərəli təşkili, nəqliyyat vasitələrinin texniki sazlığının qorunması, daşımaların təhlükəsizliyinin təmin edilməsi və müasir idarəetmə üsullarının tətbiqi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərdən irəli gələn vəzifələr kontekstində dövlətçilik ideologiyasının təbliği, milli-mənəvi dəyərlərin qorunması, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və əmək kollektivlərində ideoloji maarifləndirmə işinin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, hər bir partiya üzvü öz peşə fəaliyyəti, məsuliyyəti və vətənpərvər mövqeyi ilə ölkəmizin inkişafına töhfə verməlidir.
Sonda texnoloji nəqliyyat xidmətlərinin səmərəliliyinin artırılması, nəqliyyat vasitələrinin təhlükəsiz istismarının təmin edilməsi, əmək kollektivində intizam və məsuliyyətin gücləndirilməsi, eləcə də partiya fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində peşəkarlığın, kollektiv həmrəyliyin və ictimai-siyasi fəallığın əhəmiyyətini vurğulayıblar.




