
“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu fikirləri Qubadlının azad edilməsinin Azərbaycanın Zəfər tarixindəki mühüm yerini və xalqımızın doğma torpaqlara qayıdış iradəsini ifadə edir. 25 Oktyabr – Qubadlı şəhəri günü milli birliyimizin, qəhrəmanlığımızın və tarixi ədalətin bərpasının rəmzi kimi qeyd olunur.
Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı zəngin təbiəti, qədim tarixi və özünəməxsus mədəni irsi ilə seçilən diyarlarımızdandır. Uzun illər işğal altında qalan rayonun sakinləri doğma yurdlarından didərgin düşmüş, yaşayış məntəqələri və infrastruktur ciddi dağıntılara məruz qalmışdır. İşğal dövründə Ermənistanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti bölgənin demoqrafik mənzərəsini dəyişdirməyə yönəlsə də, qubadlılıların öz torpaqlarına qayıtmaq arzusu heç vaxt sönməmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş yaratdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad olunması müharibənin mühüm mərhələlərindən biri olmaqla, Azərbaycanın tarixi Zəfərinə gedən yolu daha da yaxınlaşdırdı.
Qubadlının azad edilməsi yalnız hərbi uğur deyil, həm də illərlə doğma yurd həsrəti ilə yaşayan insanların qəlbində ümidlərin yenidən canlanması idi. Şəhərdə Azərbaycan bayrağının ucaldılması dövlət suverenliyimizin və milli qürurumuzun təcəssümünə çevrildi. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 23-də Qubadlıya səfəri də azad edilmiş ərazilərin bərpasına və bölgənin gələcək inkişafına göstərilən diqqətin ifadəsi oldu.
Bu gün Qubadlıda yeni inkişaf mərhələsi başlayıb. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində yol-nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, müasir infrastrukturun yaradılması və bölgənin iqtisadi potensialının reallaşdırılması istiqamətində tədbirlər görülür. Prezident İlham Əliyevin 2023-cü il sentyabrın 5-də Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalaması bu istiqamətdə mühüm addımlardan biridir. Yol layihəsi bölgənin nəqliyyat imkanlarının genişləndirilməsi və iqtisadi əlaqələrin inkişafı baxımından əhəmiyyət daşıyır.
Qubadlının bərpası, eyni zamanda, doğma torpaqlarda həyatın yenidən qurulması deməkdir. Burada əsas məqsəd sakinlərin təhlükəsiz və rahat yaşayışını təmin etmək, sosial-iqtisadi imkanları genişləndirmək, yeni iş yerləri yaratmaq və şəhəri müasir tələblərə uyğun inkişaf etdirməkdir. Həyata keçirilən layihələr Böyük Qayıdış prosesinin davamlılığını təmin etməklə, Qubadlının gələcək inkişafı üçün yeni imkanlar yaradır.
25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızın qəhrəmanlıq salnaməsini, şəhidlərimizin müqəddəs xatirəsini və doğma yurda bağlılığını özündə birləşdirir. Bu əlamətdar gün bir daha göstərir ki, torpaqların azadlığı ilə başlayan tarixi mərhələ quruculuq, inkişaf və qayıdışla davam edir. Bu gün Qubadlı Azərbaycanın Zəfər tarixinin canlı səhifəsi, milli iradəsinin və gələcəyə inamının rəmzidir.
Aynur Şərif,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı



