Rəşadət Xalıqov: Qubadlı Zəfəri tarixi ədalətin vərpasının və doğma torpaqlarda yeni həyatın başlanmasının təcəssümüdür

“2020-ci il oktyabrın 25-i Azərbaycanın hərb tarixinə ərazi bütövlüyünün bərpasına aparan mübarizənin mühüm mərhələsi kimi daxil oldu. Vətən müharibəsinin 29-cu günündə Qubadlı şəhərinin və ətraf kəndlərin işğaldan azad edilməsi xalqımızın milli iradəsinin, Azərbaycan Ordusunun döyüş qüdrətinin və dövlətin qətiyyətli siyasətinin təcəssümü idi. Qubadlının azadlığı həm də gələcək qələbələrin və işğaldan azad edilmiş ərazilərdə yeni həyatın başlanğıcını müəyyənləşdirən tarixi hadisə oldu”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Qubadlı əməliyyatı hərbi-strateji baxımdan Vətən müharibəsinin mühüm dönüş nöqtələrindən biri idi. Cəbrayıl və Zəngilan istiqamətlərində əldə olunan uğurlar ordumuzun Qubadlıya doğru irəliləməsi üçün əlverişli şərait yaratdı. Çətin relyefdə aparılan döyüşlər, strateji yüksəkliklərin ələ keçirilməsi və düşmənin müdafiə mövqelərinin yarılması Azərbaycan hərbçilərinin peşəkarlığını nümayiş etdirdi. Qubadlı-Laçın yoluna nəzarətin təmin edilməsi və Laçın istiqamətində irəliləmək imkanlarının genişlənməsi əməliyyatın əhəmiyyətini daha da artırdı. Məhz bu uğur sonradan Şuşanın azad edilməsinə aparan hərbi əməliyyatların mühüm zəminlərindən birinə çevrildi. Bu qələbənin arxasında isə Vətən uğrunda canından keçən qəhrəmanların fədakarlığı dayanırdı. Yazı düzü yüksəkliyi uğrunda döyüşlərdə şəhid olan Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun xatirəsi Qubadlı tarixinin qəhrəmanlıq səhifələrində əbədi yaşayır.
“Bu gün Qubadlıda həyata keçirilən bərpa-quruculuq işləri hərbi Zəfərin real sosial-iqtisadi nəticələrə çevrilməsinin mühüm göstəricisidir. Şəhərin Baş Planına uyğun olaraq yaşayış məhəllələrinin salınması, yolların və mühəndis-kommunikasiya sistemlərinin qurulması, enerji təminatının gücləndirilməsi, təhsil və digər sosial infrastruktur obyektlərinin yaradılması istiqamətində layihələr həyata keçirilir. Qubadlıda quruculuq işlərinin ardıcıl davam etdirilməsi dövlətin azad edilmiş ərazilərin dirçəldilməsinə və onların ölkənin ümumi inkişafına inteqrasiyasına verdiyi əhəmiyyətin ifadəsidir. Böyük Qayıdış strategiyası Qubadlının gələcək inkişafının əsas istiqamətlərindən birini təşkil edir. Doğma yurda qayıdışın dayanıqlı olması üçün yaşayış evlərinin tikintisi ilə yanaşı, məşğulluğun təmin edilməsi, sahibkarlığın təşviqi, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığı, müasir kommunal infrastrukturun qurulması xüsusi əhəmiyyət daşıyır”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Qubadlı həm də Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafında özünəməxsus yer tutmağa namizəd olan yaşayış və iqtisadi mərkəz kimi formalaşır. Bu hədəflərə nail olunması quruculuq işlərinin keyfiyyəti, əhalinin dayanıqlı məskunlaşması və yaradılan imkanların səmərəli istifadəsi ilə sıx bağlıdır. Qubadlının işğaldan azad edildiyi 25 oktyabr tarixinin dövlət səviyyəsində Qubadlı Şəhəri Günü kimi qeyd olunması bu tarixi hadisənin milli yaddaşımızdakı yerini möhkəmləndirir.
Onun sözlərinə görə, Qubadlı Zəfəri Azərbaycanın hərbi qüdrətini və siyasi iradəsini nümayiş etdirməklə yanaşı, azad edilmiş torpaqlarda həyatın yenidən qurulması üçün möhkəm təməl yaratdı. Bu gün şəhərdə və kəndlərdə aparılan bərpa işləri, Böyük Qayıdışın genişləndirilməsi və iqtisadi potensialın inkişaf etdirilməsi qələbənin davamlı nəticələrə çevrilməsinə xidmət edir.



