
25 oktyabr 2020-ci il. Bu tarix Azərbaycanın hərb tarixinə, milli yaddaşına və müasir inkişaf salnaməsinə qızıl hərflərlə yazılmış günlərdən biridir. Həmin gün Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Qubadlı rayonu 27 ildən sonra işğaldan azad edildi. Bu qələbə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə növbəti parlaq zəfər idi.
Bu gün Qubadlıda qeyd olunan hər bir əlamətdar hadisənin arxasında böyük mübarizə, səbir və fədakarlıq dayanır. Şəhərin azadlığı uğrunda aparılan mübarizə Azərbaycan əsgərinin döyüş əzmini, xalqımızın birliyini və dövlətimizin qətiyyətini nümayiş etdirdi. Qubadlıya qayıdan azadlıq nəfəsi təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycanın yeni inkişaf mərhələsinin simvollarından birinə çevrildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, hər il oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Bu tarix azadlığın qiymətini, milli həmrəyliyin gücünü və əzəmətini xatırladır. 25 oktyabrın Qubadlı Şəhəri Günü kimi qeyd olunması da bu tarixi hadisənin əhəmiyyətini gələcək nəsillərə çatdırmaq baxımından mühüm məna daşıyır.
Qubadlı ölkəmizin qədim yaşayış məskənlərindən biri, zəngin təbiəti, özünəməxsus mədəniyyəti və tarixi ənənələri ilə seçilən regionlarından biridir. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun tarixi düşmənlərimiz tərəfindən işğal edilməsi bölgənin həyatında ağır bir mərhələnin başlanğıcı oldu. Torpaqlarımızın əsarətdə olduğu illərdə bütövlükdə xalqımız düşməndən qisasın alınacağına, Zəfər gününün gələcəyinə olan inamını daima yaşatdılar.
2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi həmin inamın gerçəkləşməsi yolunda həlledici dönüş yaratdı. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar işğal altındakı torpaqlarımızın azad olunmasına imkan yaratdı.
Azadlıq xəbəri Qubadlı sakinləri üçün bu xəbər illərlə gözlənilən qayıdışın mümkünlüyünü göstərən tarixi müjdə idi. Şəhərin azad edilməsi doğma evlərin yenidən qurulacağına, küçələrin canlanacağına və yeni nəslin öz torpağında yaşayacağına dair etimadı gücləndirdi.
Qubadlı uğrunda qazanılan qələbə həm də onu göstərdi ki, milli birlik və məqsədyönlü mübarizə xalqın ən böyük mənəvi dayaqlarındandır.
Qubadlının azad edilməsi Azərbaycan Ordusunun Vətən müharibəsində həyata keçirdiyi uğurlu əməliyyatların mühüm mərhələlərindən biri kimi tarixə düşüb. Mürəkkəb relyefə malik ərazilərdə aparılan döyüşlər hərbçilərimizdən yüksək peşəkarlıq, cəsarət, çeviklik və böyük iradə tələb edirdi.
Azərbaycan əsgəri qarşısına qoyduğu məqsədə doğru şücaətlə irəlilədi. Döyüşən igidlərin fədakarlığı, komandanlığın düzgün qərarları və xalqımızın orduya göstərdiyi mənəvi dəstək qələbənin əldə edilməsində mühüm rol oynadı. Cəbhədə döyüşən əsgərlərin arxasında bütöv bir xalqın iradəsi dayanırdı.
Qubadlının azadlığı uğrunda aparılan mübarizədə şəhidlərimizin qəhrəmanlığı xüsusi ehtiramla yad edilir. Onlar Azərbaycanın ərazi bütövlüyü naminə öz həyatlarını qurban verdi. Həmçinin qazilərimizin keçdiyi ağır sınaqlar xalqımızın yaddaşında dərin iz buraxdı.
Bu gün Qubadlıda və digər azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri həmin qəhrəmanlığın nəticələrini yaşatmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Şəhidlərimizin xatirəsinə ən böyük ehtiram onların uğrunda mübarizə apardıqları torpaqlarda təhlükəsiz, firavan və davamlı həyatın qurulmasıdır.
Cənab Prezident İlham Əliyevin 2020-ci il dekabrın 23-də Qubadlı şəhərində şanlı bayrağımızı ucaltması Zəfər tariximizin əlamətdar hadisələrindən biri oldu. Üçrəngli bayrağımızın şəhərdə dalğalanması Azərbaycanın suverenliyinin və dövlət iradəsinin rəmzinə çevrildi.
Qubadlı Şəhəri Günü hər il qeyd olunarkən bu hadisələrin mənəvi əhəmiyyəti bir daha ön plana çıxır. Bu tarix gənc nəslə vətənpərvərlik ruhunun aşılanması, milli tariximizin öyrənilməsi və dövlət müstəqilliyimizin dəyərinin dərk edilməsi baxımından da vacibdir.
Qubadlının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Qəhrəman Ordumuzun qazandığı Zəfər, xalqımızın birliyi, doğma Vətənimizə sevgimiz və bağlılığımız isə gələcək nəsillər üçün əbədi qürur mənbəyi olacaq.
Nemət Məmmədov,
“Ayna Sultanova küç. 5” ərazi partiya təşkilatının sədr müavini,Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi



