AnalitikaGündəmSiyasət

Azərbaycan mina təhlükəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığı vacib sayır

Mina təhlükəsi münaqişələrdən sonra da insanların həyatına və sağlamlığına ciddi təhdid yaradan problemlərdən biridir. Azərbaycan işğaldan azad edilmiş ərazilərində mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə ilə üzləşir. Prezident İlham Əliyev bu problemin aradan qaldırılmasını ölkənin təhlükəsizliyi və bərpa prosesinin sürətləndirilməsi baxımından mühüm məsələ kimi diqqətdə saxlayır.

Oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulit ilə görüşdə mina təhlükəsi məsələsi xüsusi müzakirə olunub. Prezident İlham Əliyev Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazilərində bir milyondan çox minanın basdırıldığını bildirib. Onun qeyd etdiyi kimi, son beş-altı il ərzində 400-dən çox azərbaycanlı mina partlayışları nəticəsində həyatını itirib və ya ağır yaralanıb.

Laos da müharibədən onilliklər keçməsinə baxmayaraq, mina və partlamamış sursatların fəsadları ilə üzləşən ölkələrdəndir. Bu oxşar təcrübə iki dövlət arasında mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq imkanlarını artırır. Təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması və müasir texnologiyaların tətbiqi bu sahədə əhəmiyyətli nəticələr verə bilər.

Mina təmizləmə işləri yalnız ərazilərin təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşmır. Bu fəaliyyət kənd təsərrüfatının bərpası, infrastruktur layihələrinin həyata keçirilməsi, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və iqtisadi inkişaf üçün də vacibdir. Beynəlxalq təcrübənin öyrənilməsi əməliyyatların daha səmərəli təşkilinə kömək edə bilər.

Prezident İlham Əliyevin mina təhlükəsi ilə bağlı beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyət problemin humanitar miqyasını nümayiş etdirir. Azərbaycan və Laos arasında təcrübə mübadiləsi, treninqlər və texnoloji əməkdaşlıq üçün imkanlar mövcuddur. Bu istiqamətdə birgə səylər insanların həyatının qorunmasına və təhlükəsiz mühitin yaradılmasına töhfə verə bilər.

Rəşad Hüseynəliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 185B” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button